Startlink Azərbaycanda: Ekspert perspektivləri açıqladı

Dövrün yeni texnoloji inkişaflarından biri də SpaceX şirkətinin təqdim etdiyi Starlink peyk internet xidmətidir. Şirkət tərəfindən yaradılan bu xidmət internetə əlçatımın asanlaşmasına yönəlib və bir çox inkişaf etməmiş ölkələrdə interneti təmin etmək məqsədilə istifadəyə buraxılıb. Yüzlərlə peyk Starlinkdə birləşərək yüksək sürətli interneti təmin edə bilir. Qlobal əhatəni genişləndirən və sabit əlaqələrin yaranmasında rol oynayan Starlink peyk xidməti hazırda Azərbaycanda yeni vasitədir. Azərbaycanda istifadəsi mümkündür və bu xidmətinin daha keyfiyyətli olması üçün addımlar atılır.
Bu barədə Crossmedia.az-a danışan İKT üzrə ekspert Elvin Abbasov deyir ki, peyk texnologiyasının təqdim etdiyi internet xidməti əslində premium sayılır:
“Starlink peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması və burada genişlənməsi əslində Azərbaycan internet seqmenti üçün alternativ internet xidmətidir. Amma peyk digər fiberoptik internet xidmətləri ilə müqayisə oluna bilməz və peyk internet xidməti fiberoptik internet xidmətinə rəqabət ola bilməz. Həm də qiymət baxımından peyk internet xidməti starlinkin qiymətindən daha bahadır. Lakin fiberoptik bütün seqmentlər üçün əlçatandır".
Ekspert bildirib ki, qiymət baxımından peyk texnologiyasının Azərbaycandakı qiyməti gələcəkdə dəyişməyəcək:
“Qiyməti təyin edən xərclərdir və peyklərin fəzaya qalxması üçün yüksək xərclər xərclənir. Bu xərclər imkan verməyəcək ki, starlink qiyməti aşağı düşsün. Azərbaycanda internet xidməti göstərən fiberoptik texnologiyası bütün seqmentləri əhatə edib. Peyk texnologiyası isə internet təqdimatında sadəcə premium və zərurət olan yerlərdədir. Peyk texnologiyası olan Starlink Azərbaycanda sadəcə alternativ internet xidməti kimi müxtəlif zərurətli yerlərdə istifadə oluna bilər.”
Nurcan İsmayılova
14:21 07.04.2025
Oxunuş sayı: 4395