Musiqi təkcə notlardan ibarət deyil, həm də duyğuların ifadə vasitəsidir - Rasim Fərziyev


Musiqi ruhun qidasıdır, ürəkdən keçib, düşüncələrin ən dərinində öz izini buraxır. Sözlərin deyə bilmədiklərini, musiqi duyğuların dili ilə dilləndirir. Hər not, sanki zamanın unudulmuş səhifələrində, köhnə bir xatirənin şəfəqində yenidən dirçəlir. O insanı həyata bağlayan, hər notunda bir həyat səsi daşıyan körpüdür. Musiqi səssizliyin içindəki ən dərin səsləri oyadır, qaranlıq düşüncələrə işıq gətirir, insanın içində sönən ümidləri yenidən alovlandırır…
Mövzu ilə bağlı Londonda yaşayan azərbaycanlı musiqiçi, Rasim Fərziyev Crossmedia.az-a müsahibə verib.
- İlk olaraq, özünüzü təqdim etməyinizi xahiş edirəm...
- Mən Fərziyev Rasim, 1968-ci ildə Azərbaycanın Lerik rayonunda anadan olmuşam. Ailəliyəm, həyat yoldaşım Səadət Fərziyeva fəlsəfə doktoru və dosentdir. Üç uşağım var: iki qız, bir oğlan. 2016-cı ildən bəri Londonda yaşayırıq. Böyük qızım Nəzrin Fərziyeva, Londondakı tanınmış Westminster Universitetinin Maliyyə və Beynəlxalq Biznes fakültəsini bitirib. Oğlum, Metin Fərziyev, bu il Londondakı City of London Universitetinin Maliyyə fakültəsini bitirəcək. İkinci qızım, Ayan isə diş həkimliyi üzrə universitet təhsilini davam etdirir.
Musiqiyə marağım tamamilə təsadüf nəticəsində yaranıb
- Musiqi sahəsinə marağınız necə yarandı?
- Musiqiyə marağım tamamilə təsadüf nəticəsində yaranmışdı, desəm, yəqin ki, doğru olar. Bunun özünəməxsus bir hekayəsi var. Uşaq idim, bir bazar günü yuxudan oyandım və mətbəxə keçdim. Orada atamla anamın söhbət etdiyini gördüm. Danışıqlarından başa düşdüm ki, böyük qardaşım musiqi məktəbinə getmək istəmir, halbuki atamla anam artıq onun üçün bir kamança almışdılar. Kamança masanın üstündə dayanmışdı. Mənim mətbəxə girdiyimi görəndə valideynlərim bir-birinə baxıb dedilər: “Əgər Ramiz getmirsə, onda Rasim gedər musiqiyə”. Beləcə, məni musiqi məktəbinə yazdırdılar. İmtahanlardan keçdim və musiqi dünyasına qədəm qoydum.
O an anladım ki, musiqi təkcə notlardan ibarət deyil, həm də duyğuların ifadə vasitəsidir
- İlk musiqi təcrübənizi necə xatırlayırsınız?
- Musiqi məktəbinə başladığımda hər şey mənim üçün yeni və həyəcanverici idi. İlk dəfə kamançanı əlimə aldığımda onun tellərinə toxunmaq, səsini hiss etmək mənə tamamilə başqa bir dünya açdı. Əlbəttə, bu yeni dünyanın qapısını açmaqda mənə musiqi və kamança müəllimlərim – rəhmətlik Kazbək Əliyev və Zabil müəllim böyük dəstək olublar. Onların sayəsində musiqi ilə ilk tanışlığım baş tutdu və onların əməyini heç vaxt unutmaram. Hətta gələcək illərdə kamança təhsilimi bitirdikdən sonra skripka alətinə yönəlməyimdə də milli Azərbaycan musiqisinin o dövrlərdə skripkada görkəmli ifaçılarından biri olan Kazbək Əliyevə borcluyam. Çünki məhz ondan ilham alaraq skripka çalmağı öyrəndim və daha sonra bu sahədə fəaliyyət göstərməyə başladım. Yadımdadır, Azərbaycanda musiqi məktəbləri arasında bir müsabiqə keçirilirdi və bu yarışma Naxçıvan şəhərində təşkil olunmuşdu. İlk dəfə orada geniş tamaşaçı qarşısında çıxış edirdim və bu, inanılmaz bir məsuliyyət hissi yaratmışdı. O an anladım ki, musiqi təkcə notlardan ibarət deyil, həm də duyğuların ifadə vasitəsidir. Həmin gündən etibarən səhnəyə çıxmaq mənim üçün bir ehtirasa çevrildi.
Peşəkar musiqi təcrübəmdə hər zaman şanslı olduğumu desəm, yanılmaram. Çünki qismətimdə sənətinin ən yaxşıları ilə, ən istedadlı və peşəkar musiqiçilərlə işləmək olub. İlk peşəkar səhnə təcrübəm o dövrlərin çox məşhur “Koroğlu” ansamblı ilə başlayıb – Etibar Məmmədovun rəhbərliyi altında. Daha sonra həmin illərin ən məşhur rəqs ansambllarından biri olan “İstedad”, sonranlar isə “Cəngi” adı ilə fəaliyyət göstərən rəqs ansamblına dəvət aldım. Onlarla bir neçə il çalışdıq, dünya səyahətlərinə çıxdıq, qastrollarda, festivallarda iştirak etdik və həmin illər üçün çox önəmli konsertlər verdik.
Dediyim kimi, qismətimdə hər zaman çox gözəl ifaçılarla çalışmaq olub. Sonra ecazkar səsə malik, mənim üçün gəlmiş-keçmiş ən möhtəşəm səslərdən biri olan, rəhmətlik Elçin Cəlilovun ansamblına rəhbərlik etmək təklifi aldım. Onunla bir neçə il birlikdə işlədik. O dövrdə onun ifasında, bu gün də arxivlərdə qalan “Ayrılıq Beləmi Olur”, “Naz et” və bir çox mahnılarını səsyazma studiyasında qeyd etdik.
Daha sonra tədbirlərdən birində Faiq Ağayev ilə rastlaşdıq. Səhnə çıxışından sonra onun meneceri mənə yaxınlaşaraq birlikdə çalışmağı təklif etdi. Əlbəttə ki, bu təklifi qəbul etdim, çünki bu, mənim üçün yeni və dəyərli bir təcrübə olacaqdı. Faiq Ağayev ilə işləmək tamamilə fərqli idi. Onun intizamı, işə yanaşma tərzi digərlərindən tamamilə seçilirdi və bu, mənim üçün böyük bir təcrübə oldu. On il boyunca Faiq Ağayev ilə birgə çalışdıq və bu əməkdaşlıq mənə böyük zövq verdi.
Əlbəttə ki, bütün bu illər ərzində sevdiyim digər sənətçilərlə də iş birliyim olub. Onların arasında ən çox İlqar Xəyalı, Ədalət Şükürovu, Gülyanağ Məmmədovanı, Nadir Qafarzadəni və digər dəyərli sənətçiləri qeyd edə bilərəm. Çox şükür ki, bu günə qədər də onlarla dostluğumuz davam edir.
Bu ideyanın həyata keçməsinin əsas səbəbkarlarından biri də qızım Nəzrin Fərziyeva idi
- Londonda musiqi məktəbi açmaq ideyası necə yarandı?
Londona gəlişimiz 2016-cı ilin iyun ayına təsadüf edir. Həmin illərdə həyat yoldaşım Səadət Fərziyeva elmi dissertasiyasını müdafiə edib və Musiqi Akademiyasında professor Gülnaz Abdullazadənin rəhbərliyi altında olan musiqi laboratoriyasında çalışıb. Onun dissertasiya mövzusu Azərbaycan folkloru ilə bağlı olduğuna görə, bir neçə ölkədən iş təklifləri alıb. Bu təkliflər Türkiyənin Eskişehir Universitetindən, Almaniyadan və İngiltərənin London şəhərindəki bir məktəbdən gəlmişdi. Düşünüb-daşındıqdan sonra Londondakı iş təklifini qəbul etməyə qərar verdik. Beləliklə, bütün ailə olaraq iş vizası ilə buraya köçdük və burada da musiqi müəllimləri kimi fəaliyyət göstərməyə başladıq. Bağlanılan müqaviləyə əsasən, 5 il müddətində iş verənə çalışmaq məcburiyyətində olduğumuz üçün öz işimizi qura bilməzdik. Lakin bu illər ərzində qazandığımız iş təcrübəsi gələcəkdə öz musiqi məktəbimizi açmaq ideyasının təməlini qoymuşdu.
Bu ideyanın həyata keçməsinin əsas səbəbkarlarından biri də qızım Nəzrin Fərziyeva idi. Çünki o, bizim yolumuzu davam etdirirdi. Doğrudur, o, Londonun ən tanınmış ali təhsil ocaqlarından biri olan Westminster Universitetinin Maliyyə və Beynəlxalq Biznes fakültəsini bitirib, lakin eyni zamanda piano müəlliməsi idi və bizim kimi müəllimlik yolunu seçmişdi. Nəzrin bizi artıq öz musiqi məktəbimizi açmağın vaxtının çatdığına inandıra bildi və bu işin gecikmədən dərhal həyata keçməsini istədi. Çünki musiqi təhsili sahəsində verdiyimiz təhsil digərlərindən tamamilə fərqlənirdi. Valideynlər bu fərqi gördükcə, bizə olan tələbat daha da artırdı. Bir müddət sonra isə böyük bir məktəb açmaq artıq zəruri bir ehtiyaca çevrildi.
Bu olduqca uzun və yorucu bir prosesdir
- Bu layihəni reallaşdırmaqda hansı çətinliklərlə üzləşdiniz?
- Hər hansı bir ölkədə müəyyən bir layihəni reallaşdırmaq üçün əlbəttə ki, müəyyən çətinliklərlə üzləşirsən və bu, tamamilə normaldır. Çünki hər ölkənin özünəməxsus qanunları və qaydaları var. Məsələn, Azərbaycanda hər hansı bir obyekti almaq və ya kiralamaq üçün bir, ən çoxu iki-üç gün kifayət edir və bu prosesi sürətlə həll etmək mümkündür. Lakin İngiltərədə hər hansı bir yeri kiralamaq belə aylarla çəkə bilər, çünki bu proses hüquqi yollarla, vəkillər vasitəsilə həyata keçirilir. Sənin vəkilin və qarşı tərəfin vəkili arasında uzun yazışmalar aparılır, hər iki tərəf bir-birini dərindən yoxlayır. Maddi vəziyyət, maliyyə mənbələri, vəsaitin haradan gəldiyi kimi məsələlər tam şəkildə isbat olunmalıdır. Bu da olduqca uzun və yorucu bir prosesdir. Lakin nəticə etibarilə hər şey 100% dəqiq və qanuni şəkildə həll olunur. Hər iki tərəfin vəkilləri razılığa gəldikdən və heç bir sual işarəsi qalmadıqdan sonra müqavilə imzalanır və layihənin reallaşması prosesi başlayır.
Ümumiyyətlə, Londonda təhsil müəssisəsi açmaq üçün lazımi icazələrin alınmasından başqa, uyğun bina tapmaq, ixtisaslı müəllimlər cəlb etmək və tələbə yığımı kimi praktiki məsələlər də bu layihəni həyata keçirdiyimizdə üzləşdiyimiz çətinliklər arasında idi.
İnanırıq ki, bu layihə Azərbaycanın təmsil olunmasında mühüm rol oynayacaq
- Londondakı Azərbaycan diasporasının bu layihənin reallaşdırılmasında hansı töhfələri olub?
Qeyd etməliyəm ki, bu, bir özəl musiqi məktəbidir. Lakin mən və həyat yoldaşım Səadət Fərziyeva 2021-ci ilin sentyabr ayından Britaniya Azərbaycanlıları Cəmiyyəti tərəfindən təsis edilmiş və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənən Qarabağ Məktəbinin musiqi departamentində müəllim kimi çalışırıq. Bu layihənin reallaşdırılmasında da Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın bizə göstərdiyi dəstək danılmazdır. Ümumiyyətlə, “Acapella Academy” adlı musiqi məktəbimizin açılışında İngiltərədəki diaspora cəmiyyətlərinin sədrləri və fəallarının iştirakı bizim üçün böyük dəstək nümunəsi oldu. Açılışda həm Enfield bölgəsinin meri Muhamməd İslam, həm də rəsmi nümayəndələri, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və bir çox əcnəbi qonaqlar iştirak edirdi. Biz inanırıq ki, bu layihə Azərbaycanın təmsil olunmasında mühüm rol oynayacaq.
“Acapella Academy” musiqi məktəbi Londonda müxtəlif yaş qruplarından olan tələbələrə fərdi musiqi dərsləri təklif edir
- Tədris proqramınızın əsas məqsədi nədir?
- “Acapella Academy” musiqi məktəbi Londonda müxtəlif yaş qruplarından olan tələbələrə fərdi musiqi dərsləri təklif edir və onların musiqi potensialını üzə çıxarmağa yönəlmişdir. Tədris proqramı, tələbələrin musiqi bacarıqlarını inkişaf etdirmək və onları beynəlxalq səviyyədə tanınan ABRSM (Associated Board of the Royal Schools of Music) imtahanlarına hazırlamaq məqsədini güdür. Bu imtahanlar musiqi sahəsində yüksək standartları və dünyanın bir çox ölkələrində tanınması ilə seçilir.
Azərbaycanın musiqi irsini beynəlxalq səviyyədə tanıtmaq üçün xüsusi layihələr həyata keçirməyi planlaşdırırıq
- Musiqi məktəbiniz üçün hansı yenilikləri planlaşdırırsınız?
- Musiqi məktəbimiz üçün bir sıra yeniliklər planlaşdırırıq. İlk olaraq, Azərbaycan milli musiqi alətləri – kamança, tar və nağara üzrə xüsusi kurslar təşkil etməyi hədəfləyirik. Bu kurslara təkcə azərbaycanlı uşaqları deyil, həm də əcnəbi uşaqları cəlb etməyi planlaşdırırıq. İnanırıq ki, bu yolla Azərbaycan musiqisini daha geniş auditoriyaya sevdirə, uzunmüddətli perspektivdə isə onun qlobal səviyyədə tanıdılmasına töhfə verə bilərik. ABRSM və digər beynəlxalq musiqi imtahanlarına hazırlıq proqramlarımızı genişləndirərək tələbələrimizin sertifikatlı musiqi təhsili almasını təmin etməyi hədəfləyirik. Bununla yanaşı, fərdi və qrup dərslərinin çeşidini artıraraq müxtəlif yaş və səviyyələrə uyğun tədris metodları tətbiq etməyi planlaşdırırıq. Bundan əlavə, ustad dərsləri və musiqi seminarları təşkil edərək tələbələrimizi peşəkar musiqiçilərlə bir araya gətirmək istəyirik. Müxtəlif musiqi janrlarına yönəlmiş xüsusi kurslar, müasir texnologiyadan istifadə edilən musiqi dərsləri və onlayn tədris imkanları da inkişaf etdirmək istədiyimiz sahələr arasındadır.
Eyni zamanda, tələbələrimizin səhnə təcrübəsi qazanması üçün konsertlər və festivallar təşkil etməyi, eləcə də Azərbaycanın musiqi irsini beynəlxalq səviyyədə tanıtmaq üçün xüsusi layihələr həyata keçirməyi planlaşdırırıq.
Musiqimiz bizim ən güclü silahımızdır
- Sizcə, Azərbaycan musiqisi qlobal səviyyədə necə daha yaxşı tanıdıla bilər? Diaspor Komitəsi ilə bu sahədə hansı çalışmalarınız var?
- Azərbaycan musiqisinin qlobal səviyyədə daha yaxşı tanıdılması üçün bir neçə əsas strategiya həyata keçirilə bilər. İlk növbədə, beynəlxalq musiqi festivallarında, müsabiqələrdə və konsertlərdə daha çox iştirak etmək vacibdir. Müasir texnologiyalardan və sosial mediadan istifadə edərək, Azərbaycan musiqisini dünyaca tanınmış sənətçilərlə əməkdaşlıq edib yeni müasir aranjımanlarla geniş auditoriyaya çatdırmaq da əhəmiyyətlidir. Gənc və istedadlı musiqiçilərin beynəlxalq platformalara çıxışını təmin etmək, xarici ölkələrdə ustad dərsləri və seminarlar təşkil etmək də bu prosesə töhfə verə bilər.
Diaspor Komitəsi ilə bu sahədə apardığımız işlər əsasən mədəni tədbirlər, musiqi konsertləri və təhsil layihələri istiqamətindədir. Mən və həyat yoldaşım Səadət Fərziyeva demək olar ki, komitənin və Azərbaycanın İngiltərədə keçirilən dövlət tədbirlərinin əksəriyyətində iştirak edirik. Bu tədbirlərdə Səadət xanımla birlikdə kamançada solo ifalar təqdim edirik. Ən çox yadda qalan tədbirlərdən 20 Yanvar, Xocalı faciəsi , Novruz bayramı, Azərbaycanın Müstəqillik Günü (28 may), Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü (18 oktyabr), Milli Dirçəliş Günü (17 noyabr) ilə bağlı təşkil olunan mərasimlərdir. Bu tədbirlərdə geniş auditoriya qarşısında çıxış etmişik və gələcəkdə də bu konsertlərdə iştirak etməyi davam etdirməyi planlaşdırırıq.
Tədbirlər zamanı ifa etdiyimiz musiqi parçaları həm dünya klassik əsərlərindən, həm də milli Azərbaycan musiqisindən seçilir. Bu, əcnəbi tamaşaçılar üçün xüsusilə təsirli olur. Kamançanın füsunkar səsi və ifa etdiyimiz əsərlərin ecazkarlığı onlarda Azərbaycan musiqisinin böyüklüyü, dərinliyi və zəngin mədəni irsi barədə güclü təsəvvür yaradır. Bu da bizə böyük qürur hissi bəxş edir. Demək olar ki, hər tədbirdən sonra tamaşaçılar bizə yaxınlaşıb kamança və Azərbaycan musiqisi haqqında suallar verirlər, bu mövzuya böyük maraq göstərirlər. Bu da onu sübut edir ki, belə tədbirlər Azərbaycan musiqisinin İngiltərədə və dünyada təbliği baxımından mühüm rol oynayır. Digər tərəfdən, biz Qarabağ Məktəbinin musiqi departamenti olaraq bu istiqamətdə bir sıra işlər görürük. Məktəbin musiqi proqramı çərçivəsində Azərbaycan xalq və bəstəkar mahnılarının tədrisinə xüsusi önəm veririk. Şagirdlərimiz müxtəlif tədbirlərdə çıxış edərək milli musiqimizi həm Azərbaycan diasporuna, həm də xarici auditoriyaya tanıdırlar. Bundan əlavə, Diaspor Komitəsinin dəstəyi ilə Qarabağ Məktəbinin təşkil etdiyi konsertlər və mədəni layihələr sayəsində Azərbaycan musiqisinin beynəlxalq arenada daha geniş yayılmasına töhfə veririk.
Musiqimiz bizim ən güclü silahımızdır və onun vasitəsilə mədəniyyətimizi, tariximizi və kimliyimizi dünyaya tanıda bilərik. Güc birlikdədir! Allah Azərbaycanımızı qorusun!
Nəzrin Salmanova
09:44 01.04.2025
Oxunuş sayı: 21170