2026-cı ildə Ortaq Türk Əlifbası problemi tam olaraq həllini tapa bilərmi? - Alim açıqladı

Türk dünyasında ortaq dil və əlifba məsələsi, türk xalqları arasında mədəni və dil birliyinin təmin olunması, ünsiyyətin asanlaşdırılması və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi baxımından həmişə diqqət mərkəzində olub. Bu istiqamətdə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda ilkin müzakirələr aparılıb. Bu qurultayda latın qrafikalı əlifbaya keçid qərarı qəbul edilib, türk xalqlarının mədəni və elmi birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2024-cü ilin sentyabr ayında isə türk dövlətləri tarixində ilk dəfə 34 hərfdən ibarət əlifba qəbul olunub.
Bu barədə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev açıqlamasında bildirib ki, Ortaq Türk Əlifbası bağlı çox mühüm irəliləyiş var:
“1926-cı ildə Bakıda bir qurultay olmuşdu (Birinci Türkoloji Qurultay - red.) və bu tədbirdə ortaq əlifba qəbul edilib. İndi 2026-cı ilə doğru gedirik, yəni qurultayın 100-cü ilinə. Hesab edirəm ki, 100-cü ildə ortaq əlifba məsələsini birdəfəlik həll etməliyik. 100-cü ildə TDT-yə sədrlik Azərbaycana keçəcək və biz 2026-cı ildə 100 il əvvəl olduğu kimi Bakıda böyük bir konqres keçirəcəyik. Orada ortaq əlifbanı dünyaya təkrar elan etmək istəyirik”.
Bu əlifbanın istifadəsi özlüyündə türk xalqları arasında ortaq dil platforması yaratmaqla, müxtəlif dövlətlərdə yaşayan türk əhalisinin mədəni və elmi sahələrdə əməkdaşlığının artılması deməkdir.
Bəs 2026-cı ildə Ortaq Türk Əlifbası problemi tam olaraq həllini tapa bilərmi?
Crossmedia.az mövzu ilə bağlı Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimova müraciət edib.
Türkoloq alim ilk olaraq bildirib ki, Ortaq Türk Əlifbası probleminin 2026-cı ilə qədər tam həll olunması real görünsə də, bu, bir sıra amillərdən asılıdır:
“Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində bu məsələ ilə bağlı ciddi addımlar atılır və müəyyən razılaşmalar əldə olunub. Xüsusilə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası layihəsinin formalaşdırılması bu istiqamətdə böyük irəliləyişdir. Bununla yanaşı, ortaq əlifbanın məktəblərdə, universitetlərdə və elmi dairələrdə istifadəyə verilməsi üçün vahid metodoloji yanaşmalar müəyyənləşdirilməlidir. Kompüter sistemləri, klaviatura düzənləri, çap materialları və rəqəmsal platformalar ortaq əlifbaya uyğunlaşdırılmalıdır. Əhalinin ortaq əlifbaya uyğunlaşması üçün geniş maarifləndirmə və təlim proqramlarına ehtiyac var”.
Onun sözlərinə görə, ortaq əlifbanın tam olaraq tətbiq edilməsi üçün hər bir türk dövləti onu öz milli əlifbasına uyğunlaşdırmalı və rəsmi olaraq qəbul etməlidir:
“Bu, müəyyən qanunvericilik dəyişiklikləri və dövlət proqramları tələb edir. Bu proseslərin hamısının 2026-cı ilə qədər tam başa çatması çətin görünür, lakin ilkin mərhələdə bəzi dövlətlərin bu əlifbanı qəbul edərək istifadəyə başlaması mümkündür. Xüsusilə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi latın qrafikasına keçmiş ölkələrdə proses daha sürətli gedə bilər.
Ortaq Türk Əlifbası məsələsi təkcə texniki problem deyil, həm də siyasi, mədəni və sosial bir layihədir. Əgər türk dövlətləri arasında bu məsələdə yüksək siyasi iradə nümayiş etdirilərsə və uyğun mexanizmlər işlənib hazırlanarsa, 2026-cı ilə qədər ortaq əlifbanın tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilə bilər. Əlbəttə, Türkoloji Qurultayın 100 illiyində bu prosesin yekunlaşması olduqca simvolik və tarixi əhəmiyyət daşıyır. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda qəbul edilən “Birləşdirilmiş türk latın əlifbası (yanalif)” o dövrün şərtlərinə uyğun olaraq, türk xalqlarının ortaq yazı sistemi yaratmaq istəyinin təzahürü idi. Lakin sonrakı siyasi proseslər bu təşəbbüsün geniş miqyasda həyata keçirilməsinə imkan vermədi”.
100 il sonra, 2026-cı ildə Türk Dünyası Ortaq Əlifbasının rəsmi şəkildə qəbul edilməsi türk xalqlarının inteqrasiyası və mədəni birliyi baxımından mühüm addım olardı:
“Bu, təkcə ortaq yazı sisteminə keçid deyil, həm də türk dövlətləri arasında elmi, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsi deməkdir.Bu prosesin uğurla tamamlanması üçün türk dövlətlərinin elm və təhsil qurumları arasında sıx əməkdaşlıq, vahid dil siyasətinin formalaşdırılması və əlifbanın tətbiqi üçün güclü mexanizmlərin yaradılması vacibdir. Türkoloji Qurultayın 100 illiyi bu baxımdan həm tarixi keçmişə hörmət, həm də gələcəyə yönəlmiş ortaq strategiyanın formalaşması üçün unikal fürsətdir.Təbii ki, burada bütün türk dövlətləri üçün nəzərdə tutulan ortaq türk əlifbasından bəhs edirik. Lakin diqqət yetirilməli mühüm məqamlardan biri də budur: Azərbaycan və Türkiyə kimi latın qrafikalı əlifbadan uzun müddətdir istifadə edən ölkələr yeni ortaq əlifbanı mövcud dəyişikliyi əsasında qəbul edəcəkmi? Əgər bu əlifba bütün türk dövlətləri və cəmiyyətləri üçün nəzərdə tutulursa, onun tam şəkildə qəbul edilməsi və tətbiqi uzunmüddətli və mərhələli bir proses ola bilər”,- deyən E.İbrahimov fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
10:54 29.03.2025
Oxunuş sayı: 1520