Bolnisinin Kəpənəkçi kəndində “Bazar günü” məktəbi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda fəaliyyət göstərən “Təhsil və Gənclər Birliyi”nin nəzdində rayonun ən böyük kəndlərindən Kvemo Bolnisidə (Kəpənəkçi) “Bazar Günü” məktəbi fəaliyyətə başlayıb.
Bölgədə yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan “bazar günü “ məktəbinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli doğma dilimiz barədə məlumatlandırmaq, onlara tariximiz, mədəniyyətimiz barədə dolğun məlumat çatdırmaqdır. Bu mənada ötən illər ərzində Gürcüstanın bir sıra bölgələrində “bazar günü” məktəbləri açılıb. Məqsəd Azərbaycan mədəniyyətinin və dilini qoruyub saxlamaqdır. Bu sahədə ilk addım Azərbaycan dilinin tədrisidir. Bu təşəbbüsün əsas məqsədi Gürcüstanda böyüyən azərbaycanlı uşaqlara Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onları əsil şəxsiyyət kimi boya-başa çatmalarına xidmət etməkdir.
Məktəbin Azərbaycan dili müəllimi Çingizxan Yaqubov deyib ki, 8 minə yaxın sakini olan Kəpənəkçi kəndi bu günədək Azərbaycan elminə, mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Məqsədimiz bu ənənəni davam etdirməkdir. Bunun üçün məktəbdə gürcü dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük maraq göstərilir.
Onun sözlərinə görə, kənddə iki tam orta məktəbdə 600-dək şagird təhsil alır. “Bazar günü” məktəbinə gələn şagridlərə Azərbaycan dilinin tarixi və etimologiyası da öyrədilir. (Azərtac)
09:20 29.03.2025
Oxunuş sayı: 1090