Pezeşkian azərbaycanlıdır? - Bir cənublunun düşüncələri

Artıq, bir ilə yaxındır ki, meydanlarda “Pezeşkian Azərbaycanlıdır” deyən bir qrup fəal görsənməkdədirlər ki, kimə və nə sübut etmək istədikləri hələ də məlum deyil. Bu kimi “həvəskarların” bəlkə də məqsədi, məramı xeyirxahdır, ancaq sonrakı peşimançılıq böyük bir məyuslugun başlanğıcıdır.
İran coğrafiyasında çox sayda xalqlar, millətlər dini və təriqət mənsubları yaşayır ki, onları təsnifləşdirmək, etno-mədəni kimliyini müəyyənləşdirmək, davranışlarını proqnozlaşdırmaq, bir sözlə, onlardan baş çıxarmaq çox çətindir. Müsəlmanam deyənlərə diqqət yetirirsən zərdüşti oldugu məlum olur. Cəfəriyəm deyənlərin bir qrupu Hindistan “krişnaidi” kimi zikr edir. İslam dini mərasimində biri rəqs edir, təəccüblə ondan kimliyini soruşursan deyir ki, Qadiri təriqətindənəm. Aşura günü baş yaranlar sufidirlər, “çırtma” çalıb oynayanlar da İsfahanlı. Bu İsfahanlıya təəccüb edirsən, deyir ki, “anlamırsan” bu rəqs deyil, zikr edirlər.
İranda hələ pravoslavlar və katoliklər meydana gəlməmişdən öncə erkən xristianlardan - “Mandaçılar” hələ də mövcuddur. Onlardan soruşanda sən kimsən? Deyir ki, mən əsil iranlıyam. Əhrimazdani gözləyənlərdən sorüşsan ki, sən kimsən deyər ki, mən Aryalıyam.
Rza Pəhləviyə türk demirdilər, lakin şəcərəsinə baxanda məlum olur ki, atası da türk olub, anası da. Türk olduğunu qəbul etməsə də biz bilirdik ki, onun Kuruşun, Daryuşun tarixinə, şəcərəsinə heç bir dəxli yoxdur. Onun anası da, arvadı da türk idi, sübut da edirdilər. Lakin o da qəbul etmirdi ki, türkdür. “Təxti Cəmşiddə” özünə məzar yeri hazırlasa da ona qismət olmadı. Pəhləvilərin heç bir nümayəndəsi İranda ölmədi və İranda basdırılmadı.
Fərəh pəhləviyə, Müsəddiqə, Hoveydaya, Ququşa da deyirdilər ki, “o türkdir”. Onlar da heç vaxt demədi ki, mən türkəm. İranın siyasi tarixində baş nazir Müsəddiq, baş nazir Hoveyda da türk olduğunu, Xameneyi də türk olduqlarını qəbul etmirdilər. Xameneyi də uzun müddət dedi ki, atam Nəcəfdəndir, ancaq sonunda məlum oldu ki, təbrizlidir. İndi də başlanıb ki, “Pezeşkian türkdür”... Pezeşkian hələ Azərbaycan üçün bir iş görməyib. Əlbətdə ki, hətta bir iş görmək istəsə də ona fürsət verməzlər. Pambıqla da baş kəsə bilməyəcək. Tehranın marginal funksionerləri irançılıq üzərindən “çörək yeyirlər”. Pezeşkian qətiyyətli olmalı və ortaya iradə qoymalıdır.
Tehranda “mən tehranlıyan” deyəni “qurdalayırsan” erməni olması məlum olur. Fars əyalətinin mərkəzi sayılan Şirazda birinin kimliyini soruşursan türk olduğu məlum olur. Bu məmləkətdə kimin kim oldugunu müəyyənləşdirmək çox çətindir, fəqət Türkdən başqa... İranda yalnız türklər müsəlmandır, şiədir, kruşnan, daryuşnan işi yoxdur, simvolizmi, bütləri, dini rituallarda çoxmənalığı, mistikanı qəbul etmir, passionardır və “allahaşükür” mədəniyyətinə malikdir.
Bu “türk dostlarına” deməliyik ki, ömür boyu rus imperiyasına xidmət etmiş hərbi sərkərdələr - Suvorov da, Kutuzov da türk idi. Rusiya tarixini yazmış Karamzin də türk idi. Dünya şöhrətli rus yazıçılarından Dostayevski, Bunin, Arakçiyev də turk idi. Türk dünyasına və ya onların tarixi vətəni olan Tatarıstana onlardan nə fayda oldu? Bunları, İsmayıl Qaspralı, Yusif Akçura, Əli Hüseynzadə, Ziya Göyalp ilə yanaşı qoymaq, eyni cür adlandırmaq olar?
Bu kimi hallar bir çox xalqların tarixində də mövcud olub. Məlumdur ki, Napaleon fransız deyildi, kataloniyalı idi. Dünyanın böyük cografiyasını fəth edən Napaleon kataloniya üçün bir iş görmədi və bu günə qədər də kataloniyalılar müstəqillik arzusundadırlar. Trampın da alman əsilli olması məlumdur. Lakin onun Almaniya üçün nə etdiyi də göz qabağındadır. Odur ki, “filankəs türkdir” düşüncəsində olaraq ondan faydalı işlər, millət üçün xidmətlər gözləmək sadələhvövlükdir.
Səttar xan türk idi. O, bəzi fürsətçillərdən fərqli olaraq, “başıma Koroğlunun papağını qoyub Tehranın məclisində Azərbaycanın hüquqlarını müdafiə edəcəyəm” deyərək xalqın mənafeyini şəxsi maraqlarına satmadı. Şəhriyar azərbaycanlı idi. Bir insan ömrünə sığışmayan “Heydər babaya salam” poeması 50 ildən artıq xalqın milli simfoniyasına çevrildi.
Seyid Cəfər Pişəvəri azərbaycanlı idi. O, həyatını Azərbaycanın istiqlalına həsr etdi və xalqına unudulmaz bir illik azadlığı daddırdı. Pişəvərinin düşmənləri ona fürsətçil, sovet casusu, kommunist, irançı, xain və çox dəxli olmayan adlarla hücumlar etdilər. Fəqət bu iddiaların heç biri ona “yapışmadı”, xalq onun əməllərini gördükcə onu sevdi və xatirələrində yaşatdı. Pişəvərinin qurduğu milli hökumət Cənubi Azərbaycanda xalqın qurur mənbəyidir, iftixarıdır və gələcəyə yönəlmiş ümidləridir.
Məlumdur ki, Firidun İbrahimi azərbaycanlı idi və Azərbaycan naminə şəhid oldu. Səriyyə şəhadəti ilə qəhrəman Azərbaycan qadınının simvoluna çevrildi. Allaha şükürlər olsun ki, “mən azərbaycanlıyam”, "mən türkəm" deyən bu millətin minlərlə qəhrəman oğul və qızları vətən üçün şəhadəti qəbul edib və əbədiyyətə qovuşub.
İranda gözə “xoş” dəyəni də türk adlandırırlar, gözə “pis” dəyəni də. İndi isə dostlar “Azərbaycanlıdır” adını bu qədər ucuz etməyin. Əvvəlcə soruşun ki, bu adam Azərbaycan naminə nə edib? Öyrənin ki, bu adamlar məgər özlərini azərbaycanlı hesab edir ya etmir? Qacarlardan, əfşarlardan nə qədər saxta irançılıq şüarları ilə çıxış edən, Azərbaycanın milli maraqlarına xəyanət edən, milli fəallarımızı qurban edənlər var. Bunları sosial mediada, İranın dövlət qurumlarında, müxtəlif vəzifələrdə görürük və tanıyırıq. Musəvinin nənəsi türk qızı idi, Hatəminin babası türk idi, Zərifin xalası türk idi, Süleymaninin xalası əri türk idi sözləri ilə illüziyalar yaratmayın. Xamaneyi Şeyx Məhəmməd Xiyabaninin qaynı oğludur, nə fərq edir? Şeyx Məhəmməd Xiyabaninin qurduğu “Azadistan” hara, Xamaneyninin “cumhuri-islamisi” hara... Bu marginallardan nə Azərbaycana, nə də türkə bir fayda olmaz.
Hamı bilir ki, “Türkün qapısı” açıqdır. Ancaq o qapıdan içəri girənin gərək ləyaqəti də olsun. Burada böyük Nizaminin bir beyti yerinə düşür:
دولت ترکان که بلندی گرفت مملکت از داد پسندی گرفت
چونکه که تو بیدادگری پروری ترک نه ای، هندوی غارتگری
Türklərin dövləti o zaman ki, ucaldı, ölkələri abad oldu və insanlar ədalət gördü,
Sən ki, zülm edirsən, deməli türk deyilsən, bir hind qarətçisisən.
21:21 27.03.2025
Oxunuş sayı: 19152
