Almaniyada PUA-lara qarşı plastik gülləli patronlar hazırlanıb

Almaniyanın RWS (Rheinisch-Westfälische Sprengstoffwerke) şirkəti pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün xüsusi Urban Drone Defense (UDD) pulemyot patronları istehsal edib. Yeni sursat ilk dəfə “Enforce Tac 2025” müdafiə sərgisində təqdim olunub.
Şirkətin məlumatına görə, bu patronlar plastik güllədən istifadə etdiyi üçün aşağı kinetik enerjiyə və məhdud nüfuzetmə qabiliyyətinə malikdir. Bu xüsusiyyət onların əhali sıxlığı yüksək olan ərazilərdə istifadəsini daha təhlükəsiz edir.
İstifadə sahələri və xüsusiyyətləri:
Layihə rəhbəri Kristof Denk bildirib ki, patronlar əsasən Dillion MG6 kimi fırlanan lüləli pulemyotlar üçün nəzərdə tutulub. Bununla yanaşı, dəyişdirilə bilən çaxmaq vasitəsilə müxtəlif yarımavtomatik tüfənglərdə də istifadə edilə bilər.
Yeni patronlar PUA-larla mübarizədə qənaətcil və effektiv həll kimi təqdim olunur. İki fərqli versiyada istehsal edilir:
• UDD Light – 1 qram (15 gr) çəkisi olan açıq mavi polimer güllə. Bu versiya 100 metrədək qısa məsafələr üçün nəzərdə tutulub və əsasən şəhər mühitində istifadə edilir. Təhlükə radiusu 400 metrə qədərdir.
• UDD Heavy – 3 qram (46 gr) çəkisi olan bozumtul-qəhvəyi güllə. 300 metrə qədər orta məsafəli atışlar üçün və şəhərətrafı və kənd ərazilərində istifadəyə uyğundur. Təhlükə radiusu 1000 metrə qədərdir.
Ekoloji təsir və əlavə üstünlüklər:
RWS şirkəti bildirib ki, bu sursatlarda ekoloji çirklənməni azaltmaq üçün SINTOX alışdırma atımı kimi aşağı çirkləndirici komponentlərdən istifadə olunur.
Denk əlavə edib ki, sınaqlar zamanı patronlar plastikdən, karbon lifindən və nazik polad təbəqədən hazırlanmış müxtəlif materiallara qarşı test edilib. Plastik güllələr xüsusilə yaxın məsafədə metal güllələrdən daha yüksək zərbə gücünə malik olub və qəlpələnərək təsir gücünü artırıb.
Hal-hazırda izburaxan (trasser) versiya üzərində işlər davam edir. Bu modeldə güllə qırmızı rəngdə olacaq və elektrooptik nişanalma cihazı olmadan dəqiq atəş açmağa imkan verəcək.
10:40 18.03.2025
Oxunuş sayı: 612