Azərbaycan sülhməramlıları Rusiya-Ukrayna təmas xəttində yerləşdirilə bilər - AÇIQLAMA

Müasir dünyada münaqişələrin həlli və sülhün bərqərar olunması üçün sülhməramlı missiyalar mühüm rol oynayır. Tarix boyu müxtəlif bölgələrdə baş verən müharibələr zamanı beynəlxalq ictimaiyyətin iştirakı ilə sülhməramlı qüvvələr yerləşdirilib. Lakin bu cür missiyaların təşkil olunması mürəkkəb bir prosesdir və bir çox amillərdən asılıdır. Ukrayna və Rusiya arasında davam edən müharibə fonunda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi dəfələrlə gündəmə gəlsə də, hələlik bu barədə konkret qərar qəbul edilməyib. Münaqişənin miqyası tərəflərin mövqeyi və beynəlxalq güclərin maraqları bu məsələnin həllini çətinləşdirən əsas amillərdəndir. Hazırda əsas sual budur: Ukrayna və Rusiya arasında mümkün atəşkəsdən sonra sülhməramlı qüvvələrin yerləşdirilməsi nə dərəcədə realdır və bu missiya hansı ölkələrin üzərinə düşəcək?
Bu suala hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a verdiyi açıqlamada cavab verib: "Sülhməramlı qüvvələrin yerləşdirilməsi danışıqlarda iştirak edən tərəflərin razılığından asılıdır. Bu qüvvələrin hansı ölkələr tərəfindən təşkil ediləcəyi və hansı müddətə yerləşdiriləcəyi hələ dəqiqləşməyib. Hazırda müharibə davam etdiyi üçün bu məsələlər tam müəyyən edilməyib".
Ekspert qeyd edib ki, sülhməramlı missiyanın yerləşdirilməsi ilə bağlı maliyyə ayrılmalı, qüvvələrin yerləşdirilməsi və digər logistik məsələlər həll olunmalıdır: "Hazırda cəbhə xəttinin uzunluğu təxminən 1000 kilometrdir. Belə geniş ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi tarixi təcrübədə nadir hallarda baş verib. Əfqanıstan və Yuqoslaviya nümunələri göstərilə bilər. Əksər hallarda sülhməramlı qüvvələr daxili qarşıdurma yaşayan ölkələrdə yerləşdirilib. Məsələn, Yuqoslaviyanın parçalanmasından sonra münaqişə tərəfləri arasında sülhməramlı missiyalar fəaliyyət göstərib. Belə geniş ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün azı 50 min hərbçi tələb olunur. Bu isə böyük maliyyə və logistik dəstək tələb edir. Digər tərəfdən, elə bir mexanizm formalaşmalıdır ki, sülhməramlı qüvvələrə ehtiyac olmasın. Hər iki tərəf – Ukrayna və Rusiya – müəyyən öhdəliklər götürüb onları yerinə yetirməlidir. Əgər atəşkəs pozularsa, vəziyyət daha da mürəkkəbləşəcək və münaqişə beynəlxalq səviyyədə daha geniş status alacaq".
Ş.Ramaldanov bildirib ki, Rusiya və Ukrayna arasındakı münaqişəni xarici qüvvələrin daha da dərinləşdirdiyi bildirilir: "Rusiya Ukraynada rusdilli əhalinin sıxışdırılmamasını əsas şərtlərdən biri kimi irəli sürür. Digər tərəfdən, bəzi Avropa ölkələrinin, xüsusilə Polşa və Rumıniyanın, Ukraynanın bəzi ərazilərinə iddialı olduğu vurğulanır. Bu ölkələrin münaqişədən sonra ərazi bölgüsündə iştirak etmək istədiyi iddia olunur. Sülhməramlı qüvvələrin hansı ölkələrdən təşkil olunacağı hələlik müəyyən edilməyib. Azərbaycan və Türkiyə beynəlxalq arenada etibarlı və ədalətli dövlətlər kimi tanınır. NATO missiyası yaradılarsa, bu, Rusiyanın maraqlarına uyğun olmaya bilər. Digər tərəfdən, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşı olduğu nəzərə alınmalıdır".
Ekspert düşünür ki, Ukrayna Rusiya ilə müəyyən şərtlər əsasında razılığa gələrsə, sülhməramlı missiyanın yerləşdirilməsinə ehtiyac olmayacaq: "ABŞ və Rusiya Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatlar versələr, bu məsələnin həlli fərqli formada ola bilər. Çin də canlı qüvvə baxımından üstünlüyə malik olduğundan, onun sülhməramlı missiyada iştirak etməsi mümkündür. Azərbaycan və Türkiyənin sülhməramlı qüvvələrdə yer alması bu ölkələrə olan beynəlxalq etimad və hörmətlə əlaqələndirilir. Lakin bu məsələnin necə həll olunacağı və hansı ölkələrin prosesə cəlb ediləcəyi hələ də müzakirə mərhələsindədir".
Xumar Əhmədova
09:09 28.02.2025
Oxunuş sayı: 8820