"Azərbaycan və Pakistan münasibətlərin möhkəmləndirilməsi istiqamətində imkanları genişləndirir" - RƏY

Pakistan Baş naziri Şahbaz Şərif bu günlərdə Azərbaycanda səfərdə idi. Onun bu səfəri və Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlər Bakı - İslamabad əlaqələrini yenidən gündəmə gətirir. Azərbaycan və Pakistan arasında əlaqələr strateji tərəfdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və bu ölkə Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın mövqeyini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini müdafiə edir. İkitərəfli münasibətlər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə inkişaf edir və hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir.
Azərbaycan - Pakistan münasibəti haqqında Crossmedia.az-a Milli Məclisin deputatı Nigar Məmmədova açıqlama verdi: "Azərbaycanla Pakistan münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanları genişləndirir. Ən yüksək səviyyədə mütəmadi olaraq görüşlər və səfərlər keçirilir ki, bu da əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini artırır".
Deputat qeyd edib ki, xüsusilə ötən il Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri ikitərəfli əməkdaşlıqda əlamətdar hadisə oldu: "Ümumiyyətlə, qarşılıqlı səfərlər siyasi dialoqun yüksək səviyyədə olduğunu və tərəflərin əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı marağını göstərir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də ölkəmizə dövlət səfəri bu prosesə töhfə verdi. Səfər zamanı ikitərəfli əməkdaşlığın dərinləşməsini təsdiq edən sənədlər də imzalandı".
N.Məmmədovanın sözlərinə görə, liderlərin səsləndirdiyi bəyanatlardan da aydın oldu ki, Bakı və İslamabad bundan sonra da ikitərəfli münasibətləri inkişaf etdirmək və iqtisadi əlaqələri gücləndirmək istəyindədir: "Məlumdur ki, Pakistanla Azərbaycan beynəlxalq münasibətlərin bütün məsələlərində də bir-birini dəstəkləyir. Ən əsası ərazi bütövlüyü və suverenlik məsələsində qarşılıqlı dəstək mövcuddur. Prezident İlham Əliyev də bəyan etdi ki, Bakı ilə İslamabad beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqe və baxışlar tam üst-üstə düşür. Eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması da əsas hədəflərdən biridir. Ötən il Azərbaycan Prezidenti Pakistanda dövlət səfərində olarkən Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planını bəyan etmişdi. Artıq infrastruktur, eləcə də energetika daxil olmaqla müxtəlif sahələri əhatə edən konkret layihələr var və tərəfələr qarşıdakı aylarda əməkdaşlıqla bağlı razılaşmalar planlaşdırır".
Parlamentarinin fikrincə, Pakistan Baş nazirinin ölkəmizə dövlət səfəri zamanı imzalanan 10-dan artıq sənəd isə gələcək əməkdaşlıq üçün effektiv bünövrə yaratdı: "Regional təhlükəsizlik məsələsinə gəlincə, rəsmi İslamabad da bu mövqedədir ki, məhz Prezident İlham Əliyevin qətiyyətli qərarları sayəsində bu gün Cənubi Qafqazda sülh üçün münbit şərait yaranıb. Yeri gəlmişkən, 2021-ci ildə imzalanan Bakı bəyannaməsi də Azərbaycan, Pakistan və Türkiyə arasında üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlığı nəzərdə tutur".
Deputat bildirib ki, Pakistan eyni zamanda ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin iqlim sammiti – COP29-da fəal iştirak edib: "COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə də ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdu. "Azərbaycanla Pakistan üçün müdafiə, eləcə də müdafiə sənayesi sahələri də əməkdaşlığın vacib sektorudur. Belə ki, Bakıda liderlər müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarına dair də müzakirələr apardılar. Aydın oldu ki, burada qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin marağındadır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bundan sonra da davam etdiriləcək. Liderlər bəyan etdi ki, Pakistanla Azərbaycan arasında strateji müdafiə sahəsində əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Müdafiə sahəsində birgə istehsal potensialına ehtiyac var. Bu tərəfdaşlıq hər iki ölkənin müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yeni imkanlar açır".
Xumar Əhmədova
16:05 27.02.2025
Oxunuş sayı: 1330