Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Anım mərasimində Xocalıdan olan Gürcüstan vətəndaşı, Marneuli sakini Gülnaz Çıldırlı və Azərbaycan icmasının üzvləri ilə yanaşı, gürcüstanlı ekspertlər də iştirak ediblər, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib. Diplomat Xocalı soyqırımının tarixdə baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu və xüsusilə bu soyqırımının müharibə qanunlarına zidd olaraq uşaqların, qadınların və mülki şəxslərin qətlə yetirilməsinin bir vəhşilik olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin bu faciə ilə bağlı söylədiyi fikirlərin hələ də aktuallığını qoruduğunu, bütün dünyaya bu cinayətlərin açılması, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün daha fəal fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.
Səfir həmçinin Xocalı faciəsinin bir xalqın yaddaşında əbədi olaraq qalacağını və bu cür soyqırıma qarşı mübarizənin davam etməli olduğunu qeyd edib. Bu faciənin yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün dərs olduğunu və belə hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin birlikdə çalışmasının zəruri olduğunu bildirib.
Tədbir iştirakçıları Xocalı soyqırımının və digər insanlıq əleyhinə törədilən cinayətlərin qurbanlarını bir daha yad edərək bu kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu söyləyiblər.
16:56 26.02.2025
Oxunuş sayı: 1132