Tural Gəncəliyev Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün şərtini açıqlayıb

Cənubi Qafqaz regionunda davamlı sülh və sabitlik yaradılması beynəlxalq gündəmin əsas mövzularındandır. 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh sazişi imzalamaq üçün konstruktiv təşəbbüslərlə çıxış etsə də, Ermənistan prosesi ləngidən mövqe sərgiləməkdə davam edir. Sülh müqaviləsi təkcə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün deyil, həm də regionda yeni reallıqların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə Azərbaycan, münaqişənin həlli və bölgədə davamlı sülhün təmin olunması üçün Ermənistanla sülh sazişi imzalamağa yönəlmiş mühüm təşəbbüslərlə çıxış edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan fevralın 25-də bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb.
Tərəflər arasndakı mümkün sülh prosesi idealını Crossmedia.-az-a dəyərləndirən Milli Məclisin deputatı Tural Gəncəliyevin fikrincə, rəsmi Bakının cavabı Azərbaycanın sülh prosesinə verdiyi əhəmiyyəti və konstruktiv mövqedə dayandığını bir daha sübut edir: "Müharibədə qalib gələn tərəf kimi Azərbaycan bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün bu sazişi imzalamağa hazır olduğunu nümayiş etdirir. Azərbaycanın 30 il işğala məruz qalmasına baxmayaraq, təqdim etdiyi sülh müqaviləsi beynəlxalq hüquq prinsiplərinə uyğun, ədalətli və reallıqlara əsaslanan bir sənəddir. Bu, Ermənistan üçün də bir fürsətdir ki, regionda normal qonşuluq münasibətləri qurmaq və beynəlxalq imicini qorumaq üçün fürsıtdir. Lakin Ermənistan bu prosesdə müxtəlif siyasi manevrlərə əl ataraq, sazişin imzalanmasını gecikdirir. O, hər dəfə yeni şərtlər və əlavələr irəli sürməklə prosesi dalana dirəyir. Bu isə sülh müqaviləsinin tezliklə imzalanmasına mane olur və regionda davamlı sabitliyin bərqərar olmasını çətinləşdirir".
Deputat, həmçinin vurğulayıb ki, əgər Ermənistan sülhə, həqiqətən, sadiqdirsə, o zaman bu süründürməçiliyə və siyasi oyunlara son qoymalı, konstruktiv addımlar atmalıdır: "Məsələn, 100 minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtması ilə bağlı real tədbirlər görülməlidir. Lakin bunun əvəzinə, Ermənistan Fransa və Hindistandan silah alaraq revanşist siyasət yürüdür, Avropa İttifaqının missiyasından geosiyasi alət kimi istifadə etməyə çalışır və regionu üçüncü güclərin təsir dairəsinə salır. Bu cür addımlar isə sülh prosesini daha da uzadır, gərginliyi artırır və təhlükəsizlik balansını pozur. Ermənistanın ənənəvi müttəfiqləri olan Rusiya və İranla münasibətlərinin gərginləşməsi də onun balanssız xarici siyasətinin nəticəsidir. Sülh sazişinin tez bir zamanda imzalanması üçün Ermənistan konkret və konstruktiv mövqe tutmalı, prosesi süni şəkildə uzatmamalı və regionda sabitliyin bərqərar olunmasına töhfə verməlidir. Yalnız bu halda uzunmüddətli sülh və tərəqqi təmin oluna bilər".
Xumar Əhmədova
13:53 26.02.2025
Oxunuş sayı: 970