Deputat: "Azərbaycan- Ermənistan müharibəsi başlaya bilərdi"

Azərbaycan müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib ki, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verir.
2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.
Rəsmi Bakının prioritetlərindən biri də Cənubi Qafqaz regionunda sülh və sabitliyin, həmçinin təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan bunun üçün bütün mümkün imkanlardan istifadə edir. Regionda təhlükəsizliyin, əməkdaşlıq mühitinin təmin olunması üçün həm diplomatik meydanda, həm də hərb meydanında zəruri addımlar atılır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib ki, Ermənistan İkinci Qarabağ müqaviləsindən sonra Rusiyanın da iştirakı ilə imzalanan 10 noyabr və 11 yanvar sənədlərindən yayınır: "Həmin bəyannamələrdə Ermənistanın sülhə töhfə verməsi, həmçinin Zəngəzur dəhlizinin açılması məsələləri əksini tapıb. Amma İrəvan faktiki olaraq bu öhdəliklərindən imtina edir. Ermənistan konstruktiv mövqe tutmaq əvəzinə, əksinə, sülhdən yayınır, silahlandırılır. Bu məsələdə Fransa kimi xarici havadarları da İrəvana dəstək olurlar".
Parlamentari bildirib ki, Azərbaycan müharibə nəticəsində öz torpaqlarını azad edəndən sonra qarşı tərəfin qıcıqlandırıcı ritorikaslna cavab olaraq Ermənistanla birbaşa müharibə başlaya bilərdi: "Amma rəsmi Bakı yüksək təmkin nümayiş etdirdi və buna getmədi. Bu, Azərbaycanın regional sülhə, sabitliyə töhfəsinin ən bariz nümunələrindəndir. Bəzi ölkələrin bunu istəməməsinə, bölgədə "suların durulmasına" mane olmasına baxmayaraq, Azərbaycan üçtərəfli bəyannamələrin bütün maddələrini özü təmin edəcək. Bu, həm sülhə, həm də nəqliyyat məsələlərinə aiddir. Azərbaycan və Türkiyə Ermənistana elə bir dərs verib ki, bundan sonra rəsmi İrəvanın heç bir dövlətə hücum etməyə gücü çatmaz".
Kənan Novruzov
16:00 24.02.2025
Oxunuş sayı: 2204