Almaniya Azərbaycanlıları Alyansı hesabat-seçki toplantısı keçirib















Berlində Almaniya Azərbaycanlıları Alyansının (AAA) hesabat-seçki toplantısı keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək son illərdə bu ölkədəki diasporumuzun daha mütəşəkkil təşkilatlanması və fəaliyyətinin güclənməsi istiqamətində ciddi irəliləyişlərin olduğunu vurğulayıb. Diasporumuzun ölkəmizlə bağlı həqiqətlərin çatdırılmasında və müəyyən qüvvələrin Azərbaycana qarşı məkrli planlarının qarşısının alınmasında həssaslıq və fəallıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Səfir soydaşlarımızı diaspor fəaliyyəti ilə yanaşı, Almaniyanın ictimai-siyasi həyatında da yüksək fəallıq göstərmələrinin Azərbaycanın maraqlarının daha səmərəli şəkildə qorunmasında mühüm rol oynadığını qeyd edərək, həmvətənlərimizi fevralın 23-də Almaniyada keçiriləcək federal seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Azərbaycan diasporunun güclənməsinin milli maraqlarımızın daha effektiv qorunmasına imkan verdiyini vurğulayan səfir bildirib: “Almaniyadakı Azərbaycan icmasının gücü təkcə onun sayında deyil, eyni zamanda, siyasi fəallığında və ictimai-siyasi arenada səsini ucalda bilməsindədir. Diasporumuz bundan sonra da Bundestaq üzvləri və yerli siyasətçilərlə sıx əlaqələr qurmaqda davam etməlidir”.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev hesabat məruzəsi ilə çıxış edərək, Azərbaycan diasporunun xüsusilə son illərdə sürətlə inkişaf etdiyini, ölkəmizlə bağlı həqiqətlərin dünyaya daha effektiv çatdırmağa başladığını qeyd edib. Sədr bu uğurların əldə olunmasında göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qərbi Azərbaycanla bağlı həqiqətlərin də təbliğinin diqqət mərkəzində saxlanıldığını vurğulayan Nuran Abdullayev diaspor təşkilatları arasında ilk dəfə məhz AAA-nın Almaniyada bu mövzuda konfrans təşkil etdiyini, o cümlədən Şuşanın 270 illik yubileyinin qeyd olunduğunu xatırladıb. Qeyd olunub ki, Alyans ölkəmizə qarşı hər hansı təxribatçı və məkrli hadisəyə hər zaman çevik və sərt reaksiya verib.
İdarə Heyətinin sədri Azərbaycan diasporunun tədbirləri arasında Almaniyadakı Azərbaycanlı Həkimlərin forumlarını və Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunu xüsusi vurğulayıb. Qeyd edilib ki, Azərbaycan diasporunun tədbirlərinə alman mediası da diqqət göstərməyə başlayıb. Belə ki, ilk dəfə olaraq Azərbaycanlı Həkimlərin III Forumu Almaniya mətbuatında geniş işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən diaspor siyasəti barədə məlumat verib, xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Almaniya Azərbaycanlıları Alyansının diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan diasporunun güclənməsini, təşkilatlanmasını xüsusilə diqqət mərkəzində saxlayırlar. Məhz bu diqqət və qayğı nəticəsində diasporumuz sürətlə güclənir, artıq 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir.
Alyansın uğurlu fəaliyyətini Azərbaycan diasporunun nailiyyətlərinin bir göstəricisi kimi dəyərləndirən Fuad Muradov Komitənin xaricdə yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin təmin olunmasına hər cür dəstək göstərdiyini vurğulayıb. Soydaşlarımızın yaşadıqları ölkələrdə ictimai-siyasi fəallığının önəmini xüsusi qeyd edən Komitə sədri bu baxımdan diaspor təşkilatlarının üzərinə böyük iş düşdüyünü bildirib.
Hesabat məruzəsi ətrafında çıxış edən həmyerlilərimiz Alyansın fəaliyyətini yüksək qiymətləndirib, rəy və təkliflərini bildiriblər.
Sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri və üzvləri vəzifələrinə seçkilər keçirilib. Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmli İdarə Heyətinin yeni sədri seçilib.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun gördüyü işlərlə bağlı hesabat videoçarxı nümayiş olunub.
Sonda İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev, telejurnalist Fəxrəddin Hacıbəyli və bəstəkar, musiqişünas Elmir Mirzəyevə Azərbaycan diasporunun fəaliyyətinə verdikləri mühüm töhfələrə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalları təqdim edilib. (Azərtac)
12:19 23.02.2025
Oxunuş sayı: 4603