HƏMAS, İran və ABŞ – Böyük oyunun yeni mərhələsi – REGİON FƏLAKƏT ASTANASINDA

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Mohammad Baqeri bəyan edib ki, ölkənin ordusu istənilən xarici hücuma cavab verməyə tam hazırdır. Onun bu açıqlaması ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı son müzakirələrin fonunda səsləndirilib.
Fevralın 4-də Donald Tramp İrana qarşı “maksimum təzyiq” siyasətini bərpa edən fərman imzalayıb və Tehranla yeni razılaşma əldə etmək niyyətində olduğunu bildirib. Eyni zamanda, İsrailin İranın yeraltı nüvə obyektlərinə hücum edə biləcək silahlar əldə etməyə çalışdığı vurğulanır. Tehran isə öz nüvə proqramının dinc xarakter daşıdığını bildirərək, hərbi müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İsrailin ABŞ-dan 7 milyard dollar dəyərində silah alacağını, lakin bu silahların dərhal İrana qarşı istifadə ediləcəyinin az ehtimal olunduğunu bildirib: “İsrail ABŞ-dan 7 milyard dollar dəyərində silah alacaq. Lakin bu silahların İrana qarşı dərhal istifadə ediləcəyi ehtimalı azdır, çünki ABŞ İranla müharibə tərəfdarı deyil, daha çox danışıqlara üstünlük verir. Son zamanlar ABŞ rəsmiləri, xüsusilə də Donald Tramp, İranı danışıqlara çağıran bəyanatlar verirlər. Tehran hakimiyyəti isə bu çağırışlara inanmır və bu məsələdə ciddi bir irəliləyiş olmadığını bildirir”.
Bununla belə, ekspert ABŞ və İsrailin İrana birbaşa hərbi hücum ehtimalını aşağı qiymətləndirir: “Ehtimal etmirəm ki, İran daxilində baş verən proseslər ABŞ-nin və İsrailin İrana qarşı birbaşa hücum etməsinə səbəb olsun. Digər tərəfdən, Tramp bəyan edib ki, əgər HƏMAS fevralın 15-dək girovları azad etməsə, hərbi əməliyyatlar bərpa oluna bilər. HƏMAS-ın tamamilə məhv edilməsi isə Tehran hakimiyyəti üçün ciddi zərbə olacaq. İran hakimiyyəti HƏMAS-a dəstək verməklə regiondakı vəziyyətə təsir etməyə çalışır və danışıqlara getməyi uzatmağa üstünlük verir”.
İranın ABŞ bazalarına hücum etməsi məsələsinin hazırda gündəmdə olmadığını deyən şərhçi, Vaşinqton və Təl-Əvivin Tehranı nüvə silahına sahib olmaqdan çəkindirmək siyasəti apardığını vurğulayır: “İranın ABŞ bazalarına hücum etməsi məsələsi gündəmdə deyil və nə İsrail, nə də ABŞ rəsmiləri bu barədə rəsmi açıqlamalar verməyiblər. Məlum olan odur ki, ABŞ və İsrail İranın nüvə silahına sahib olmasına qarşı çıxır. Bununla bağlı Vaşinqton və Təl-Əvivin əlində yetərli sübut və faktlar olmasa da, bu istiqamətdə siyasət aparırlar. ABŞ İranla bağlı İraqda etdiyi səhvləri təkrarlamaq istəmir və buna görə də birbaşa hərbi müdaxiləyə üstünlük verməyə bilər”.
Sədrəddin Soltanın fikrincə, İsrailin ABŞ-dən silah alması regionda silahlanma yarışına səbəb olacaq və bu, ümumi gərginliyi artıracaq: “İsrailin ABŞ-dən silah alması regiondakı digər ölkələr üçün də silahlanmaq üçün bir əsas olacaq. İsrail bu silahları daha çox regionda Hizbullah, HƏMAS, Suriya rejimi və ona qarşı olan qüvvələrlə mübarizədə istifadə edir. Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər dövlətlər silahlanmaya üstünlük verəcəklər. Hətta İran hakimiyyəti belə İsrailin silahlanmasını əsas gətirərək öz hərbi gücünü artırmağa çalışacaq”.
Bütün bu gərginliklərə baxmayaraq, yaxın zamanda genişmiqyaslı hərbi toqquşmaların baş verəcəyini söyləmək çətin görünür: “Belə bir vəziyyət regionda gərginliyi daha da artırsa da, yaxın zamanda genişmiqyaslı hərbi toqquşmaların baş verəcəyini söyləmək çətindir, çünki indiki şərait buna tam uyğun deyil”.
Maral Şahverdili
17:44 12.02.2025
Oxunuş sayı: 5267