3+3 formatının uğurlu olmamasında günahkar hansı dövlətdir?- Hədəf göstərildi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir.
XİN sözçüsü bu formatda növbəti görüşün harada və nə vaxt keçiriləcəyinin hələlik məlum olmadığını vurğulayıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran, Rusiya) arasında əlaqələri sıxlaşdırmağı nəzərdə tutan “3+3” formatında sonuncu görüş 2024-cü il oktyabrın 18-də keçirilib. Gürcüstan tərəfi Rusiya ilə münasibətlər kontekstində torpaqlarının işğalına son qoyulmayana qədər "3+3" formatında iştirak etməyəcəyini bəyan edib.
Sözügedən platformanın məqsədi kənar bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin edilməsi olsa da, layihə hələ də arzuolunan nəticə vermir.
3+3 formatının mövcud durumu və perspektivi barədə Crossmedia.az-a danışan siyasi şərhçi Turab Rzayev bu platformanın artıq əhəmiyyətini itirdiyini bildirib: “Məsələ burasındadır ki, formatın əsas məqsədi xarici güclərin bölgəyə müdaxiləsinin qarşısını almaq idi. Amma bu, alınmadı. Məsələn, Ermənistan Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlıq edir. Gürcüstan da Avropa İttifaqına inteqrasiya yolunu tutub. Rəsmi Tbilisi son zamanlar Moskva ilə münasibətləri qismən düzəltməyə çalışsa da, Tehranla eyni blokda təmsil olunmaq istəmir”.
Analitik, Azərbaycanla Rusiya və İran arasındakı münasibətlərə də diqqət çəkib: “Xüsusilə, İranın keçmiş hakimiyyəti dövründə Azərbaycanla münasibətlər kifayət qədər gərgin həddə çatmışdı. Tehran Bakıya qarşı “əzələ nümayişi” edirdi. Bunun ən bariz nümunəsi kimi sərhədimizdə hərbi təlimlərin keçirilməsini göstərmək olar. Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya səmasında qəzaya uğramasından sonra isə Moskva ilə münasibətlərdə ziddiyət yarandı. Bütün bu məqamlar 3+3 platformasının effektivliyini aşağı salır”.
Kənan Novruzov
12:53 11.02.2025
Oxunuş sayı: 7676