CROSSMEDIA - Ekspert sərt danışdı: “Onlar jurnalist deyillər”
Sosium

Ekspert sərt danışdı: “Onlar jurnalist deyillər”

Cəlilabad sakini və “Baş Kanal Media Group” adlı YouTube kanalının təsisçisi Rəşad Şahbazov sosial mediada şəxslər haqqında ifşaedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etməkdə ittiham olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İstintaq davam edir.

Bu hadisə jurnalistika və sosial medianın qanunsuz məqsədlər üçün istifadəsinin ciddi problemə çevrildiyini bir daha göstərir. Görünür, reketçiliklə mübarizə hələ də arzuolunan nəticəni vermir. 

 Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən media eksperti Azər Həsrətin sözlərinə görə, bu cür halların baş verməsi üçün əlverişli şərait mövcuddur və əsas səbəb bəzi dövlət qurumlarında şəffaflığın yetərli olmamasıdır:

“Nəticədə bu cür qanunsuz fəaliyyətlə bağlı məlumatlar müəyyən vasitələrlə sui-istifadə edən şəxslərin əlinə keçir. Onlar da media adı altında həmin şəxsləri şantaj edir, rüşvət tələb edir və qorxutmağa çalışırlar”.

Ekspert qeyd edib ki, bu cür şəxslər əslində jurnalist deyillər, sadəcə olaraq media adından istifadə edərək cinayətkar fəaliyyətlə məşğuldurlar. 

Onun sözlərinə görə, bu hal medianın nüfuzuna ciddi zərbə vurur və cəmiyyət arasında jurnalistlərə inamsızlıq yaradır: “Dövlət bu cür ünsürlərə qarşı mübarizə aparmalıdır və biz də bu məsələdə dövlətimizin yanındayıq. Təəssüf ki, bu insanlar medianın nüfuzuna xələl gətirir, həqiqi jurnalistlərlə dələduzları ayırd etmək isə cəmiyyət üçün çətin olur. Bu baxımdan, qınaq yalnız insanlara yox, əsasən jurnalist adından sui-istifadə edənlərə yönəlməlidir. Bununla yanaşı, yalnız qınaqla kifayətlənmək olmaz, onlara qarşı daha sərt tədbirlər görülməlidir”.


A.Həsrətin fikrincə, sosial media platformalarında bu cür halların qarşısını almaq üçün müxtəlif alətlər və tətbiqlər mövcuddur: “Əgər bunlar düzgün tətbiq olunsa, neqativ halların qarşısını müəyyən qədər almaq mümkündür. Problemin həlli üçün ilk növbədə maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. İkinci vacib məsələ isə sosial mediada məsuliyyət hissinin artırılmasıdır. Çünki sosial media istifadəçilərinin böyük əksəriyyəti məsuliyyətsiz davranır və yalnız ifadə azadlığını əsas gətirərək istədiklərini yaza biləcəklərini düşünürlər. Halbuki ifadə azadlığı ilə yanaşı, məsuliyyət də mövcuddur. Əgər insanlar bunu dərk etsələr, sosial mediada davranışlarına daha diqqətli yanaşacaqlar”.

Ekspert bəzi hallarda sosial media istifadəsinin məhdudlaşdırılmasının zəruri olduğunu da vurğulayıb: “Dövlət müəyyən hallarda bəzi şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıra bilər. Məsələn, insanları şantaj edən, qanunsuz paylaşımlar edən və ya cəmiyyətdə qarşıdurmaya çağırışlar edən şəxslərin sosial mediadan istifadəsinin qanunla məhdudlaşdırılması üçün addımlar atılmalıdır. Bunun üçün qanunvericilikdə dəyişikliklər edilməli və dövlət lazım gəldikdə belə şəxslərə qarşı hüquqi tədbirlər görə bilməlidir”. 

O, bu cür şəxslərə qarşı konkret tədbirlər görülməsini təklif edir: “Məsələn, bir şəxs dəfələrlə başqalarını şantaj etməklə məşğuldursa və xəbərdarlıqlara məhəl qoymursa, dövlət onun sosial mediaya çıxışını məhdudlaşdırmalıdır. Eyni qayda ilə rüşvət tələb edən və ya cəmiyyətdə qarşıdurma yaratmaq məqsədilə sosial mediadan istifadə edən şəxslərə qarşı da ciddi tədbirlər görülməlidir.”

Azər Həsrət sosial mediada qeydiyyat prosesinin şəxsiyyət vəsiqəsi ilə aparılmasının məsuliyyətsiz paylaşımların qarşısını ala biləcəyini düşünür:

“Uzun illərdir təklif etdiyim bir məsələ də var: sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə aparılmalıdır. Çünki bir çox insanlar saxta adlarla, hətta xarici ölkələrin vətəndaşları kimi qeydiyyatdan keçirlər. Onları müəyyənləşdirmək çətin olur. Bu isə məsuliyyətsiz davranışlara yol açır. Əgər sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə aparılarsa, insanlar məcbur olub məsuliyyət hissini nəzərə alacaqlar”. 

Ekspert hesab edir ki, bu addım neqativ halların qarşısını almağa kömək edəcək və sosial mediada daha sağlam bir mühitin formalaşmasına şərait yaradacaq.

Maral Şahverdili

16:20 23.01.2025

Oxunuş sayı: 1347

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR