Kiberdələduzluq təhlükəsi: bank kartlarından pul oğurluğu artır
Son zamanlar vətəndaşların bank kartlarından qanunsuz şəkildə vəsaitlərin oğurlanması halları artmaqdadır. Kiberdələduzluq hallarının çoxalması səbəbilə insanlar artıq kartlarında pul saxlamağa ehtiyatla yanaşır, maaşları hesaba köçən kimi çıxarmağı üstün tuturlar. Bu isə ciddi arahatlıq yaradır. Xüsusilə nəzərə almaq lazımdı ki, bəzi insanlar nağd yox, kart vasitəsilə alış- verişə üstünlü verirlər. Bank kartlarından oğurluq isə onların işini ümumiyyətlə çətinləşdirir. Elə isə nə etmək lazımdır?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, bank kartlarından istifadə Mərkəzi Bankın müəyyən etdiyi təlimatlarla tənzimlənir:
"Bank kartları həm fiziki, həm də onlayn ödənişlərdə, eləcə də internet və mobil bankinq vasitəsilə istifadə oluna bilər. Bütün bu istifadə formalarında istifadəçilərin üzərinə bankın müəyyən etdiyi öhdəliklər düşür. Bu zaman istifadəçi kibergigiyena qaydalarına əməl etməlidir.
Kibergigiyena qaydalarına əməl olunmadıqda vətəndaşlar kiberdələduzluq halları ilə qarşılaşa bilərlər. Bu halların bariz nümunələrindən biri bankomat qarşısında baş verən hadisələrdir. Belə ki, bəzi hallarda vətəndaşlar rəqəmsal savadsızlıqdan və ya digər səbəblərdən tanımadıqları şəxslərdən kartdan pul çıxarmaq üçün kömək istəyirlər. Bu isə həmin şəxslərin vəziyyətdən sui-istifadə etməsinə yol açır. Məsələn, kənar şəxslər kartdan pul götürə bilər və ya kartın məlumatlarını yaddaşda saxlamaqla gələcəkdə qeyri-qanuni əməliyyatlar həyata keçirə bilərlər”.
Ekspert xatırladıb ki, mobil tətbiqlərdən istifadə zamanı vətəndaşın telefonunda karta aid məlumatlar mövcud ola bilər: “ İstifadəçi ehtiyatsızlıq və ya məsuliyyətsizlik səbəbindən pirat və ya qeyri-orijinal proqram təminatından istifadə edə bilər. Eyni zamanda tanımadığı şəxslərdən gələn zənglərə və ya SMS-lərə cavab verməklə, onların dediyi təlimatlara əməl etməklə, məsələn, kodları ötürməklə və ya müəyyən düymələri basmaqla şəxsi məlumatlarını təhlükə altına qoya bilər. Bu zaman istifadəçinin məlumatları üçüncü şəxslərin əlinə keçə bilər."
Onun sözlərinə görə, bəzi hallarda saytlar istifadəçilərdən kart məlumatlarını qeydiyyat üçün tələb edirlər: "Bu məsələyə laqeyd yanaşma və ya saytlara hədsiz güvən ciddi təhlükələrə səbəb ola bilər. Saytın yaradıcıları və ya həmin platformalar kiberhücuma məruz qala bilər, eyni zamanda, kompüter və ya mobil telefon hücuma məruz qalaraq yaddaşda saxlanılan kart məlumatları vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirilə bilər. Bütün bu halların qarşısını almaq üçün rəqəmsal savadlılığı artırmaq, bankların təlimatlarına diqqətlə yanaşmaq, kart məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq, tanımadığınız şəxslərdən gələn zəngləri və ya SMS-ləri görməzdən gəlmək və şəxsi məlumatları qorumaq lazımdır."
- Elnurə Kərimova
14:58 21.01.2025
Oxunuş sayı: 988