Diaspor

“Unutmadıq, unutmayacağıq!” adlı konfrans keçirilib

Türkiyənin Azərbaycanla həmsərhəd olan İqdır vilayətində “Unutmadıq, unutmayacağıq!” adlı konfrans keçirilib. Tədbir 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunub.


Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə parlamentinin üzvləri, Azərbaycan diplomatları, İqdır rəsmiləri, əyalət valisi, bələdiyyə başçıları, diaspor təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


20 Yanvar faciəsi qurbanlarının, eləcə də Azərbaycan və Türkiyə naminə canlarından keçmiş bütün şəhidlərin xatirəsinə dualar oxunub.


Qara Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib, burada Azərbaycanın ədalətli mövqeyinə dəstək məqsədilə Türkiyədə və dünyanın digər ölkələrində təşkil olunan mitinqlərin görüntüləri də əks olunub. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki nitqləri təqdim edilib.


Konfransı giriş sözü ilə açan İqdır Azərbaycan Dili, Tarixi və Mədəniyyətinə Dəstək və İnkişaf Cəmiyyətinin (İqdır Azərbaycan Evi) rəhbəri Ziya Zakir Acar Azərbaycan tarixinin gedişatını dəyişən Qanlı Yanvar hadisələrini unutmamağa çağırıb.


“Sovet rəhbərliyinin və ordusunun cinayətləri, təzyiq və zülmləri Azərbaycan xalqının iradəsini qıra bilmədi. Qara Yanvar hadisələri Azərbaycanın qəhrəmanlıq dastanıdır. Biz qardaş ölkəmizin azadlığı və müstəqilliyinin bərpası uğrunda canlarından keçənlərin irsini unutmamalıyıq”, - deyə Acar bildirib.


Onun sözlərinə görə, bu işdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uğurlu fəaliyyətlərini davam etdirən Azərbaycanın diaspor təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.


Sonra çıxış edən türkiyəli millət vəkili Şamil Ayrım Türkiyə və Azərbaycanın hər bir vətəndaşının şəhid olan qəhrəmanların rəşadətinə borclu olduğunu bildirib.


Parlamentari Ermənistanın ikili standartlar siyasətindən əl çəkəcəyinə, qonşu dövlətlərə qarşı ərazi iddialarını konstitusiyadan çıxaracağına, Bakı və Ankara ilə münasibətləri normallaşdıracağına əminliyini ifadə edərək, regionda manipulyasiyanın qarşısını almağa çağırıb.


Şamil Ayrım Qərbi Azərbaycan ərazisindən didərgin salınmış yüz minlərlə azərbaycanlı üçün ədalətə çağırıb. “Qərbi Azərbaycanın tarixi əhalisinin öz torpaqlarına ləyaqətli və təhlükəsiz qayıtmaq hüququ var”, - deyən deputat beynəlxalq hüququn müvafiq normalarını xatırladıb.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxışında Azərbaycan dövlətinin 1990-cı ilin yanvar hadisələrinin dəqiq tərifini verdiyini xatırladıb. “Azərbaycan xalqına qarşı dövlət terroru siyasəti həyata keçirildi, lakin Azərbaycan xalqının ruhunu, azadlıq əzmini heç nə qıra bilmədi. Yanvar hadisələri zamanı, ondan sonra isə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, xalqın iradəsi, birliyi, həmrəyliyi qarşısında heç bir maneə dayana bilməz”, - deyə Z.Əliyev vurğulayıb.


O xatırladıb ki, sovet rəhbərliyinin göstərişi ilə Azərbaycanda törədilmiş qanlı hadisələri dünyaya ilk çatdıran Ümummilli Lider Heydər Əliyev olub. O, faciədən sonra səhər saatlarında Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet ordusu hərbçilərinin əməllərini qətiyyətlə pisləyib, günahkarların cəzalandırılmasını tələb edib.


Diplomatik nümayəndəliyin rəhbəri daha sonra qardaş Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Baş konsul xatırladıb ki, Türkiyə xalqı və qardaş ölkə rəhbərliyi İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən Azərbaycana qəti dəstəklərini bəyan ediblər.


Diplomat əmin edib ki, Azərbaycan və onun sakinləri də ilk çağırışda qardaş Türkiyəyə hər cür dəstəyi verməyə hazırdır. “Azərbaycan və Türkiyənin təhlükəsizliyi və gələcəyi ayrılmazdır”, - deyə Z.Əliyev vurğulayıb.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında bildirib ki, Azərbaycan xalqı qardaş Türkiyə xalqının xüsusilə tarixin ən çətin dövrlərində göstərdiyi dəstəyi unutmur.


O, əmin olduğunu bildirib ki, Azərbaycanın düşmənlərinin hiylələri iflasa məhkumdur. “Müəyyən dairələr bu gün də regionda anti-Azərbaycan və anti-Türkiyə planlarını həyata keçirməyə, iki qardaş xalqın birliyinə zərbə vurmağa çalışırlar. Bununla belə, onlar uğur qazana bilməyəcəklər. Etnik xəritəni dəyişmək səyləri, təcavüzkarlıq, tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur”, - deyə F.Muradov vurğulayıb.


Dövlət komitəsinin rəhbəri xaricdəki soydaşlara dəstəyi özünün prioritet istiqamətlərindən biri hesab edən Prezident İlham Əliyevin siyasətini yüksək qiymətləndirib. (Azərtac)

 

20:46 20.01.2025

Oxunuş sayı: 732

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR