Stallone: Süni intellekti dayandırmaq mümkün deyil
Hollivud aktyoru Silvestr Stallone kino sənayesində süni intellektdən istifadənin tərəfdarı olduğunu bildirib və bu texnologiyanın inkişafını dayandırmağın mümkün olmadığını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Aktyor “The Overlap” podkastında insan aktyorluğu ilə süni intellekt imkanlarını birləşdirən film yaratmaq təklifinə görə kino sənayesi nümayəndələrinin kəskin tənqidi ilə üzləşdiyini deyib. Buna baxmayaraq, o, mövqeyindən geri çəkilməyib.
“Özümə problem yaradıram, amma süni intellekt həmişə bizimlə olacaq. Mən yarı insan, yarı süni intellekt vasitəsilə yaradılan bir iş ortaya qoymaq istəyirdim. Təbii ki, hamı buna sərt reaksiya verdi. Mən isə dedim ki, bu proses artıq başlayıb. İnsanlar öz obrazlarını satırlar. Elvis Preslinin 20 avatarı meydana çıxacaq. Bu, artıq baş verir”, – deyə Stallone bildirib.
Aktyor yaradıcı sahədə çalışan insanların narahatlıqlarını da əsassız hesab etmədiyini qeyd edib. Onun sözlərinə görə, süni intellektə qarşı irəli sürülən arqumentlərin bir çoxu haqlı olsa da, texnoloji dəyişikliklərin qarşısını almaq mümkün deyil.
“Bu riski gözə alardım, baxmayaraq ki, yaradıcı sənaye bu cür fikirlərə görə insanı sözün əsl mənasında parçalayır. Onların arqumentləri əsaslıdır. Amma biz bunu dayandıra bilmərik. Bu, nəzarətdən çıxmış uçqundur. Bu axına qoşulmasan, o səni özü ilə aparacaq”, – aktyor vurğulayıb.
Qeyd edək ki, Stallone daha əvvəl məşhur “Rembo” obrazının gənclik dövrünü süni intellekt və cavanlaşdırma texnologiyaları vasitəsilə canlandırmaq imkanını nəzərdən keçirib. Lakin bu ideya həyata keçirilməyib. Aktyor hesab edirdi ki, müasir texnologiyalar onun gənclik görünüşünü yenidən yaratmağa və qəhrəmanın həyatının Sayqon dövründən başlayan mərhələsini ekranda göstərməyə imkan verir.
05:30 25.10.2026
Oxunuş sayı: 76