Pentaqon ABŞ hərbçilərinin Fransadakı NFL matçında iştirakını ləğv etmək istəyib
ABŞ-nin müdafiə naziri Pit Heqset Fransada keçirilən Milli Futbol Liqasının (NFL) matçı öncəsi mərasimdə amerikalı hərbçilərin iştirakının ləğv edilməsini istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon rəhbərinin ofisi əvvəlcə bazar günü “Stad de Frans” stadionunda “New Orleans Saints” və “Pittsburgh Steelers” komandaları arasında keçiriləcək matçdan əvvəlki mərasimdə iştirak etməli olan onlarla ABŞ hərbçisinin geri çağırılması barədə göstəriş verib. Qərarın səbəbi kimi Fransada davam edən etirazlar və iğtişaşlar göstərilib.
Lakin ABŞ Dövlət Departamenti bu qərara qarşı çıxıb. Qurum amerikalı hərbçilərin mərasimdə iştirakının diplomatik əhəmiyyətini və onların təhlükəsizliyi üçün risklərin nisbətən aşağı olduğunu vurğulayıb.
Nəticədə Pentaqon hərbçilərin iştirakının məhdud formatda bərpa edilməsinə razılıq verib. Mərasimdə ABŞ hərbçilərindən ibarət fəxri qarovulun da iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, NFL (National Football League) ABŞ-nin əsas peşəkar Amerika futbolu liqasıdır.
19:08 24.10.2026
Oxunuş sayı: 80