Fransada qisas almaq istəyən şəxs 5 nəfəri yaraladı
Fransanın paytaxtı Parisin yaxınlığında yerləşən Trapp kommunasında yoldan keçən insanlara atəş açan şübhəlinin hadisəni törətməkdə məqsədi məlum olub.
Crossmedia.az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, şübhəli oktyabrın 17-də Fransada baş verən iğtişaşlara və talanlara görə qisas almaq istədiyini bildirib.
Nəşrin məlumatına əsasən, saxlanıldıqdan sonra polisə ifadə verən şəxs iğtişaşlara görə məsuliyyət daşıdıqlarını düşündüyü qaradərili və ərəb əsilli insanları qəsdən hədəf aldığını etiraf edib. Onun mənzilində aparılan axtarış zamanı Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabının nüsxəsi də aşkarlanıb.
Atışma nəticəsində 26 yaşlı fransalı MMA döyüşçüsü Pengo Bossio Vanqi həyatını itirib. Bu barədə onun çıxış etdiyi “Atch Academy” idman klubu məlumat yayıb.
Hadisə zamanı daha beş nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız uşağı da var.
19:03 24.10.2026
Oxunuş sayı: 74