Sosial şəbəkədə təhqir edən şəxsə 7 min manatlıq cəza
Tovuz Rayon Məhkəməsi sosial şəbəkələrdə yayılan videolarda şəxsin və ailə üzvlərinin təhqir edilməsi ilə bağlı iddianı qismən təmin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tovuz Rayon Məhkəməsi məlumat yayıb.
Məhkəməyə müraciət edən şəxs cavabdehin “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videolarda onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlətdiyini, şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxardığını bildirib.
İddiaçı məlumatların təkzib edilməsini və 100 min manat mənəvi ziyanın tutulmasını tələb edib.
Məhkəmə təqdim olunan sübutları və videomaterialları araşdıraraq cavabdehin ifadələrinin iddiaçının və ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıdığı və onların şərəf və ləyaqətini alçaltdığı qənaətinə gəlib.
Qərarda qeyd olunub ki, şəxsi və ailə həyatı qanunla qorunur. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.
Məhkəmə həmçinin uşaqların doğulma şəraiti və mənşəyi ilə bağlı alçaldıcı ifadələrin yolverilməz olduğunu vurğulayıb.
Yekunda iddia qismən təmin edilib. Cavabdehdən iddiaçının xeyrinə 7 min manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qərara alınıb.
12:38 08.10.2026
Oxunuş sayı: 67