İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Moderator: Hər kəsin sabahı xeyir olsun. Mən "Global Infrastructure Partners" şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesiyəm. Zati-aliləri Prezidentlə bu səmimi söhbəti aparmaq mənim üçün böyük məmnuniyyətdir. İcazə verin, çıxışıma Prezidentin Azərbaycana rəhbərlik etdiyi son iyirmi ildən artıq müddət ərzində əldə etdiyi nailiyyətlər barədə sizə məlumat verməklə başlayım. Bu, həqiqətən də əsl və misilsiz bir transformasiya olub. Təbii ki, gözlənildiyi kimi, mən ChatGPT-yə müraciət etdim. OpenAI-ın İdarə Heyətinin üzvü olduğum üçün mən "Claude" deyil məhz ChatGPT-yə müraciət etməliydim. Bu isə nəticə - ÜDM on dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Təqdirəlayiq haldır ki, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. Dünən keçirilən görüşdə Prezident dostumuz İsrafilə Dövlət Neft Fondunun aktivlərini 100 milyarda çatdırmaqla bağlı tapşırıq verdi. Əminəm ki, burada olan hər kəs - İsrafil haradadır? - bu hədəfə çatmağınızda sizə kömək etməyə hazırdır.
Qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarım artırmaqla iqtisadiyyat genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Sözsüz ki, Azərbaycan artıq Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısına çevrilib. Bu, xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar son dərəcə böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, Prezident sizə qaz sektorundakı son yeniliklər, qaz hasilatını daha da artıracaq "Exxon", "TotalEnergies", bp və "ADNOC" şirkətləri ilə bağlı yeniliklər haqqında məlumat verəcək.
Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalara külli miqdarda vəsait sərf edilib. Bütün bunlar dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyi bir vaxtda həyata keçirilib. Mən dövlət borcunun ÜDM-ə nisbətinin 20 faizə bərabər olmasını istəyən bir çox ölkələrin adını çəkə bilərəm - ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Çin.
Siyasi müstəvidə o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarətini bərpa etdi. Bu proses, sözsüz ki, ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin imzalanması ilə nəticələndi. Azərbaycan özünün strateji müstəqilliyini, ABŞ, Avropa və Türkiyə ilə güclü əlaqələrini qoruyub saxladı, Rusiya və Çinlə münasibətlərini davam etdirdi və 2024-cü ildə Bakıda COP29-a ev sahibliyi etdi.
Beləliklə, təəccüblü deyil ki, Azərbaycan xalqı ona etimad göstərərək beş dəfə prezident seçib və hər dəfə də daha böyük səs çoxluğu ilə. Əgər azərbaycanlı olsaydım, mən də ona səs verərdim. Odur ki, gəlin, hamımız birlikdə onu alqışlayaq.
Lakin cənab Prezident, necə deyərlər, bunlar keçmişdə olanlardır. Buradakı auditoriya isə Sizin gələcəklə bağlı planlarınız barədə eşitmək arzusundadır. Beləliklə, gəlin, diqqətimizi gələcəyə yönəldək. Zalda təxminən 30 trilyon dollar dəyərində aktivləri idarə edən şəxslər əyləşib. Düşünürəm ki, Prezidentin istəyi daha çox artıma təkan vermək məqsədilə həmin vəsaitin cəmi kiçik bir hissəsinin Azərbaycana yönəldilməsidir. Ön sırada əyləşən dostum, "Neuberger Berman" şirkətinin baş icraçı direktoru Corc Uolkerlə söhbət edirdik. O bildirdi ki, SOCAR tərəfindən satışa çıxarılan 30 illik istiqrazlardan külli miqdarda alıb. Deyəsən, Corc məndən soruşmağımı xahiş etdi ki, onun daha 30 il vəzifəsində qalması mümkündürmü? Amma bunun mümkün olub-olmadığına əmin deyiləm.
Cənab Prezident, növbəti onillikdə iqtisadi artım baxımından Azərbaycanla bağlı baxışınız nədən ibarətdir? Bu artımı təmin edən əsas amillər hansılardır?
Prezident İlham Əliyev: İlk növbədə, bu cür təqdimata görə sizə çox təşəkkür edirəm. Düşünürəm ki, siz təkcə iqtisadi fəaliyyətimizin bütün parametrlərini deyil, həm də məsələnin regional aspektlərini əhatə etdiniz. Buna görə sizə çox minnətdaram. İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər.
Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər.
Ola bilsin ki, böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Cəmi bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Beləliklə, bunlar bizim inkişafımızın əsas istiqamətləridir və sözsüz ki, biz açıq-aşkar olan bir amili, - neft və qazı, - unutmamalıyıq, xüsusilə nəzərə alsaq ki, bu il çox sayda müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək.
Moderator: Bu, çox genişmiqyaslı bir baxış kimi səslənir. İnsanların Azərbaycana investisiya qoyması üçün geniş imkanlar mövcuddur. Siz, həmçinin hazırkı geosiyasi mühiti qeyd etdiniz. Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, əhəmiyyəti getdikcə artan ticarət marşrutu üzərində yerləşir. Siz özünüz Mərkəzi Asiya birliyi və rifahının birgə artmasının böyük tərəfdarlarından biri olmusunuz. Qlobal ticarət və təchizat zəncirlərinin yenidən formalaşdırıldığı bir vaxtda Azərbaycanın strateji rolunun necə dəyişəcəyini düşünürsünüz?
Prezident İlham Əliyev: İlk növbədə, biz ev tapşırığımızı yerinə yetirməli idik. Yəni fiziki infrastruktur qurulmalı idi. Ona görə də biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Əks halda, dənizə çıxışı olmayan bir ölkə olaraq, nə qədər çox çalışsanız da, uğur qazana bilməzsiniz. Bu da həyata keçirildi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırılabiləndir.
Bundan əlavə, biz elə bir mühit və təşviq mexanizmi yaratmalı idik ki, təchizatçılar Azərbaycanı seçsinlər. Biz bunu hətta həmin geosiyasi dəyişiklikdən əvvəl etdik. Çünki beş il bundan əvvəl ənənəvi təchizat zəncirlərinin pozulacağını təsəvvür belə etmək çətin idi. Beləliklə, biz elə bir fiziki və inzibati mühit yaratmaq istədik ki, təchizatçılar Azərbaycan ərazisindən keçən multimodal daşımalardan istifadəni seçsinlər. Çünki Azərbaycan ərazisindən keçərkən həm də bərələrdən istifadə edilir.
Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik. Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi - bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq.
Moderator: Bu çox maraqlıdır. Düşünürəm ki, qarşıya qoyduğunuz məqsədlərdən biri Azərbaycanın qlobal bazarlarla təmasını dərinləşdirməkdir. Siz bəzi rəqabət üstünlüklərini qeyd etdiniz: bərpaolunan enerji mənbələri, coğrafi yerləşməniz, əlbəttə ki, karbohidrogen sektoru. Xahiş edirəm, rəqabət üstünlüklərinin nədən ibarət olması ilə bağlı fikrinizi inkişaf etdirəsiniz, burada əyləşən xanımlara və cənablara həmin 30 trilyonun böyük hissəsinin nəyə görə Azərbaycana yatırmalı olduqlarını izah edəsiniz.
Prezident İlham Əliyev: Hesab edirəm ki, xüsusilə bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi.
Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var - 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var.
İnvestisiyalar. Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır.
Eyni zamanda, yaxşı iqlimi də qeyd etməliyəm. Nisbətən kiçik ölkədə doqquz iqlim qurşağının olması, yaxşı mətbəxi, qonaqpərvər insanları və bu gün keçirilən Formula 1 yarışı, ənənəvi UFC turnirləri və bir çox digər tədbirlər kimi mühüm hadisələr. Beləliklə, mən bir çox üstünlüklər haqqında danışa bilərəm, lakin çox millətçi görünmək istəmirəm.
Düşünürəm ki, auditoriyada əyləşənlərin, - əgər bunu hələ də etməyiblərsə, - gəzmək və Azərbaycanı daha da kəşf etmək üçün vaxtı olacaq. Hesab edirəm ki, bu və bir çox digər amillər insan kapitalına, infrastruktura, süni intellektə, iqtisadiyyatın digər sektorlarına yatırılacaq daha çox investisiyalara gətirib çıxaracaq və bu kimi tədbirlərin əhəmiyyəti də ölkə daxilində təqdimatını keçirməkdir. Çünki siz xaricə getsəniz və xaricdə bəzi təqdimatlar etsəniz, oradakı auditoriya nisbətən məhdud olacaq və siz sadəcə gəlib ölkəniz haqqında yaxşı sözlər söyləmiş olacaqsınız. Lakin bu tədbiri Azərbaycanda keçirən zaman hər kəs özü üçün qərar verə bilər. Düşünürəm və ümid edirəm ki, bu qərarların əksəriyyəti müsbət olacaq.
Moderator: Çox gözəl. Bizə məsləhət verin. Sizin fikrinizcə, növbəti on ildə Azərbaycanda iki və ya üç cəlbedici investisiya fürsətləri hansılardır?
Prezident İlham Əliyev: Birincisi, bizim bir çox şaxələndirmə işlərini aparmaq istəyimizə və apardığımıza rəğmən bu, hələ də neft və qaz sahəsi olacaq. Bu gün iki mühüm müqavilə imzalanacaq. Biri böyük potensiala malik olan qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə "Exxon" şirkəti ilə bağlanılacaq müqavilədir. Kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər.
Xoşbəxtlikdən bu gün qazıntı yanacağına qarşı əsas Avro-Atlantik trendi dəyişib, Prezident Trampın sayəsində. Qazla bağlı biz bu gün yenə də Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə "Total" şirkəti ilə müqavilə imzalayacağıq. Bu da Azərbaycanda qaz hasilatını üç-dörd il müddətində əlavə 5 milyard kubmetr artıracaqdır. Builki Bakı Enerji Həftəsində digər müqavilələr də imzalanmışdır. Odur ki, neft və qaz hələ də ən cəlbedici investisiya sahələrindən biri kimi investisiyaların həcmi nöqteyi-nəzərindən ən böyük seqment olacaqdır. Bu, uzun müddət belə olacaq.
Qeyd etdiyim digər potensial imkan isə elektrik enerjisi ilə bağlıdır. Burada regiondan daha geniş coğrafiyanı nəzərdə tuturam. Çünki bu coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı kifayət qədər məhduddur. Bir çoxları enerji qıtlığı ilə üzləşir. Bir çoxları enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan alırlar. Bu üstünlük, əlbəttə ki, rəqəmsal inkişaf, data mərkəzləri, süni intellektin inkişafı üçün istifadə oluna bilər və biz artıq dünyanın aparıcı şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Beləliklə, bunu nömrə iki adlandırardım.
Mən artıq bərpaolunan enerji resurslarını qeyd etmişəm. Bərpaolunan enerji resursları dedikdə mən təkcə hasilatı deyil, ötürücülük və akkumulyasiya imkanlarını nəzərdə tuturam. Bizim artıq 250 meqavatlıq ehtiyatımız var, lakin bu, sadəcə başlanğıcdır. Biz elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilmək istəyirik. Neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ilə yanaşı, - ixrac etdiyimiz məhsulları nəzərdə tuturam, - ölkəmiz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biridir. Elektrik enerjisinin, xüsusilə də Avropanın premium enerji bazarlarına ixracı isə enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.
Daxili ehtiyaclarımıza gəldikdə, mənim təsvir etdiklərimin hamısının daha geniş təsiri var. Daxili ehtiyaclarımıza gəldikdə, əlbəttə ki, prioritetlərdən biri ərzaq təhlükəsizliyidir. Çünki biz hələ iqlim dəyişikliyinin çətinliklərini hiss etmirik. Mən hər qış mövsümü xizək sürməyə gedirəm və dağlarımızdakı qarın eyni səviyyədə olduğunu görürəm. O, eyni səviyyədə qalır, ola bilsin, haradasa əriyir, lakin Azərbaycanda bu belə deyil. Beləliklə, biz iqlim dəyişikliyinin təsirinə hələ məruz qalmamışıq. Lakin su qıtlığı və bəzi digər amillər, əlbəttə ki, bizə ərzaq təhlükəsizliyi sahəsində daha çox işləri görməli olduğumuzu birmənalı şəkildə diktə edir. Bu ilin may ayında əsasən idxaldan asılılığı azaltmaq üçün dövlət proqramı qəbul olunmuşdur. Bilmirəm, belə toplantılarda kənd təsərrüfatı sahəsinə nə dərəcədə maraq var.
Moderator: Çoxları üçün. Bəli.
Prezident İlham Əliyev: Lakin hesab edirəm ki, burada da böyük potensial var, xüsusilə indi, müxtəlif amillərə - quraqlığa, dizelin çatışmazlığına və təchizat zənciri ilə bağlı olan digər problemlərə görə bəzi məhdudiyyətlərin olduğu zaman. Biz bəzi ölkələrin ərzaqla bağlı təhlükədə olacağı vəziyyəti istisna etmirik. Biz bu vəziyyətdən qaçmaq istəyirik. Beləliklə, fikrimcə, bu da yerli və xarici investorlar üçün cəlbedici sahə ola bilər.
Moderator: Cənab Prezident, bu zalda infrastruktur sahəsində dünyanın bəzi aparıcı investorları əyləşib. "Brookfield" şirkətindən Konor Teskey, Adiya, Temasek. Bunu və bərpaolunan enerji resursları ilə bağlı "Masdar" və "ACWA Power" şirkətləri ilə işbirliyinizi nəzərə alaraq infrastruktur investorları Azərbaycanda infrastrukturun inkişafına yardım etmək üçün dövlət-özəl tərəfdaşlıqlarını başqa harada axtarmalıdırlar?
Prezident İlham Əliyev: Əslində, daxili tələbatımıza gəldikdə, düşünürəm ki, işlərin böyük əksəriyyəti artıq görülüb.
Moderator: Bizə ehtiyacınız varmı?
Prezident İlham Əliyev: Daxili tələbat baxımından? Bəlkə də, yox. Çünki ölkədə qazlaşdırma səviyyəsi ən yüksək göstəricilərdən biridir. Ölkənin 96 faizi qazlaşdırılıb. Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik. Dəmir yolları ilə bağlı işlər demək olar ki, tamamlanıb. Hava limanları – bizim doqquz beynəlxalq hava limanımız var. Dəniz limanı genişləndirilir.
Beləliklə, daxili infrastruktura gəldikdə, bizdə vəziyyət yaxşıdır. Fikrimcə, maraq yarada biləcək sahə çoxmilli maraqlara xidmət edən infrastruktur ola bilər. Burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur məsələləri ön plana çıxır. Biz çoxlu sayda körpü, yanalma qurğuları və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq. Beləliklə bu, bir sahədir.
Digər bir sahə elektrikötürücü xətlərdir. Bu sahədə nəhəng potensial var. Çünki bu gün Azərbaycan təkcə Avropa üçün enerji mənbəyi deyil. İki ildən də az müddət əvvəl biz Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə keçəcək, Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabel xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalamışıq. Beləliklə, bütün bu işlər həm də böyük həcmdə maliyyələşmə deməkdir.
Prezident İlham Əliyev: Artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdə olan digər mühüm layihə Qara dəniz kabelidir. Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət yenə yüksəkgəlirli enerji bazarına çıxışı təmin edəcək 4 giqavat gücündə elektrik kabelindən gedir. Enerjisaxlanc sistemləri də mühüm əhəmiyyət daşıyır. Bütün bunlar təkcə bizim üçün deyil, Azərbaycanın beynəlxalq miqyasda daha geniş iştirakının təmin edilməsi baxımından da zəruridir. Düşünürəm ki, infrastruktur sahəsində əsas diqqət məhz bu istiqamətlərə yönəldilə bilər.
Moderator: Cənab Prezident, Siz rəqəmsal infrastruktur və data mərkəzlərinə maraq göstərildiyini, Azərbaycanın malik olduğu, o cümlədən müəyyən hissəsi bərpaolunan mənbələr hesabına əldə edilən əlavə və aşağıqiymətli enerji təchizatından faydalanma imkanlarını qeyd etdiniz. Bildiyimə görə, dekabr ayında G20 çərçivəsində səfəriniz zamanı qlobal rəqəmsal infrastrukturun aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmək də planlarınız arasındadır. Azərbaycanın regionda rəqəmsal transformasiya və rəqəmsal fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı baxışınız barədə bir qədər danışa bilərsinizmi?
Prezident İlham Əliyev: Biz bir neçə istiqamət üzrə fəaliyyət göstəririk. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır və hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir. Peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyduğumuz məqsədlərə heç vaxt nail ola bilmərik. Əlbəttə, bizim malik olduğumuz bir sıra praktiki üstünlüklər də var. Bunlara ucuz enerjinin əlavə həcmlərinin mövcudluğu, coğrafi mövqeyimiz, - Avropa ilə Asiyanın arasında yerləşməyimiz, - və digər amillər daxildir. Qərbə doğru uzanan fiber-optik kabelimiz var. Bu ilin sonunadək Xəzər dənizinin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirən kabeli istifadəyə verəcəyik. Bu da bizim üçün əlavə üstünlükdür.
Biz, şübhəsiz ki, qlobal iqtisadiyyatın inkişafının ümumi tendensiyalarına uyğun hərəkət etmək istəyirik. Bunun üçün əlbəttə, qlobal rəqəmsal infrastruktur şirkətləri ilə, sizin kimi qurumlarla və dünən görüşdüyüm digər şirkət rəhbərləri ilə fəal əməkdaşlıq etməliyik ki, Azərbaycana investisiya imkanları baxımından diqqət yetirilsin. Təhlükəsizlik və sabitlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılabilən vergi sistemi, həmçinin investisiya üçün əlverişli iqtisadi mühit barədə artıq qeyd etdiyim bütün bu amillər bunun üçün zəruri ilkin şərtləri yarada bilər. Beləliklə, əgər bütün bunlar kifayət qədər cəlbedici olarsa, biz uğur qazanacağıq. Əks təqdirdə isə tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik.
Moderator: Təbii ki, qlobal tərəfdaşlarınız yalnız kapital gətirməklə deyil, həm də texnologiya, ekspertiza və imkanlar təqdim etməklə Sizə dəstək ola bilərlər. Qarşınızda Sizi dinləməyə hazır və böyük maraq göstərən auditoriya var. Azərbaycana, Bakıya texnologiya və imkanlar gətirmək baxımından onlar nə etməlidirlər?
Prezident İlham Əliyev: İlk növbədə, Bakıda ofislər açsınlar.
Moderator: Biz bunu dünən müzakirə etdik.
Prezident İlham Əliyev: Bəli, dünən Brukfilddən olan dostumuzla da bunu müzakirə etdik. Düşünürəm ki, texnologiyalara gəlincə, biz onları əldə edə bilərik və bunu edirik də. Bu gün kifayət qədər böyük maliyyə resurslarına malik olduğumuz üçün demək olar ki, istənilən texnologiyanı əldə edə bilərik. Əlbəttə, əgər söhbət məxfi texnologiyalardan getmirsə.
Təcrübəyə gəldikdə isə bəli, bu, çox mühümdür. Burada neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik.
Düşünürəm ki, xüsusilə Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır.
Təcrübəyə gəldikdə isə əlbəttə, aparıcı şirkətlərin ən yaxşı təcrübələri və qabaqcıl yanaşmaları bizim üçün çox vacib olacaq. Bu, düzgün istiqamətdə irəliləməyimizə və qeyd etdiyimiz sahələrdə, neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühitə bənzər bir mühit formalaşdırmağımıza imkan verəcək.
Beləliklə, iqtisadiyyatımız daha da şaxələndiriləcək. Baxmayaraq ki, bu gün ÜDM-ə nəzər salsaq, onun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Lakin ixracımıza nəzər yetirsəniz, görərsiniz ki, ixracımızın hələ də 90 faizindən çoxu neft və qazın payına düşür. Biz bu göstəricini yaxşılaşdırmalıyıq və ümid edirik ki, bizimlə əməkdaşlıq etmək qərarına gələcək qonaqlarımızın köməyi ilə buna nail olacağıq.
Moderator: Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar?
Prezident İlham Əliyev: Hesab edirəm ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər. Təkcə biznes ictimaiyyətinin nümayəndələrindən deyil, bu günlər ərzində istənilən şəxsdən ölkə haqqında, onun necə inkişaf etdiyi barədə fikirlərini öyrənmək olar: Ölkə düzgün istiqamətdə irəliləyirmi, yoxsa yox? Özləri nəticə çıxara bilərlər.
Biz ölkəmizi nə qədər tərifləsək, nə qədər xoş sözlər desək də, hər bir ölkənin ev sahibi, təbii ki, öz ölkəsi haqqında yaxşı sözlər deyir. Prezidentin investisiya forumuna gəlib "bu pisdir, o pisdir" deməsini təsəvvür etmək çətin olardı. Biz bunları öz aramızda müzakirə edirik. Amma yenə də düşünürəm ki, ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır. Bizim etməli olduğumuz yalnız əlverişli mühit yaratmaqdır. Sadəcə bunun üçün müəyyən imkan və şərait yaratmalıyıq.
Amma düşünürəm ki, istənilən sahədən, fəaliyyətin istənilən istiqamətindən olan obyektiv müşahidəçi, - söhbət təkcə biznesdən getmir, - Azərbaycanın 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxmasından sonra keçdiyi yolu nəzərdən keçirsə, o zaman ölkədə bazar iqtisadiyyatının, demək olar ki, mövcud olmadığını, azadlıqların olmadığını, hətta o dövrdə neft-qaz sənayesinin belə tamamilə dağılmış vəziyyətdə olduğunu görər. Bu gün isə hər kəs obyektiv şəkildə qiymətləndirə bilər ki, bəli, bu ölkə uğursuz dövlət deyil. Bu ölkə və onun insanları öz dövlətçiliyinə sadiqdirlər.
Bilirsiniz, Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub, - o vaxt hələ müasir mənada ölkə deyildi, - və biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq. Həmin yer buradan çox da uzaqda deyil. Bu, 1846-cı ildə baş verib, hətta Pensilvaniyadan da əvvəl. Əgər həmin vaxt Azərbaycan müstəqil olsaydı, bu gün vəziyyətin necə olacağını təsəvvür edə bilərsinizmi? Əgər 1920-ci ildə müstəqilliyimizi qoruya bilsəydik necə? Çünki 1918-ci ildə burada müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdı, lakin cəmi iki il mövcud oldu. Sonra müstəqilliyimiz əlimizdən alındı və biz yenidən böyük bir imperiyanın tərkibinə daxil olduq. Əgər həmin dövrdə müstəqil olsaydıq və öz sərvətlərimizin sahibi ola bilsəydik, bu gün Azərbaycanın necə bir ölkə olacağını təsəvvür edə bilərsinizmi?
Bütün bunlardan məhrum edildik. İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi.
Bütün bunlar bizdən alındı. Bəs, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə nə əldə etmişdik? Tənəzzülə uğramış neft sənayesi, sıfra yaxın qaz hasilatı. Qazı xaricdən alırdıq, enerji qıtlığı var idi, vətəndaş müharibəsi gedirdi, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşmişdik. Bu işğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik. Azərbaycan tamamilə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Beləliklə, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq.
Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıqdırlar.
Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Düşünürəm ki, bunu kitabdan və ya məqalədən oxumaqla dərk etmək mümkün deyil. Bunu yalnız ölkəyə gəlib müəyyən müddət burada qalmaqla hiss etmək olar. Buna görə də arzu edirəm ki, qonaqlarımız Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.
Moderator: Cənab Prezident, Sizinlə vaxt keçirmək böyük məmnunluq idi. Bu, həqiqətən də möhtəşəm bir hekayədir. Düşünürəm ki, tarixi kontekst və Sizin bu nailiyyətləri həmin kontekstdə təqdim etməyiniz əldə olunan nəticələri daha da əhəmiyyətli göstərir. Hazırda investisiya sammitlərinin keçirildiyi bir dövrdəyik. Ötən həftə Torontoda idi. Düşünürəm ki, gələn ay Almaniyada olacaq. Hesab edirəm ki, Siz investisiya sammiti keçirən bütün digər ölkələr üçün də çox yüksək standart müəyyən etdiniz. Təbrik edirəm və Azərbaycana investisiya qoymağı səbirsizliklə gözləyirik.
Təşəkkür edirəm, cənab Prezident.
17:17 26.09.2026
Oxunuş sayı: 44