“Lukoyl”un xarici aktivləri ilə bağlı ABŞ-dən qərar gecikir
“Lukoyl”un xarici aktivlərinin ABŞ-nin “Carlyle” investisiya şirkətinə təxminən 20 milyard dollara satışı artıq 10 aydır yekun təsdiqini gözləyir.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Məlumata görə, sövdələşmə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təsdiqlənsə də, yekun qərar Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Energetika Nazirliyinin iştirakı ilə aparılan qurumlararası razılaşdırmada gecikir.
“Carlyle” hesab edir ki, Bolqarıstan, Rumıniya və Niderlanddakı üç neft emalı zavodunun alınması benzin və dizel istehsalını artıraraq qlobal enerji bazarındakı təzyiqi azalda bilər. Şirkətin hesablamalarına görə, sövdələşmənin reallaşması gündəlik 100-150 min barel əlavə emal gücünün istifadəyə qaytarılmasına imkan verə bilər.
ABŞ ötən ilin oktyabrında “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib və şirkətin beynəlxalq biznesini Rusiyadakı əsas strukturu ilə əlaqələndirən maliyyə və əməliyyat imkanlarını məhdudlaşdırıb. “Lukoyl” isə yanvar ayında “Carlyle” ilə xarici aktivlərinin satışı barədə razılaşma imzaladığını açıqlamışdı.
18:22 21.09.2026
Oxunuş sayı: 49