Həsən Həsənov: Atropatena və Qafqaz Albaniyasının tarixi ilə bağlı yanaşmalar yenidən nəzərdən keçirilməlidir
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Həsən Həsənov Azərbaycan tarixşünaslığında Atropatena və Qafqaz Albaniyasının yaranma tarixləri ilə bağlı yanaşmalardan danışıb. O bildirib ki, sovet tarixşünaslığından Azərbaycan tarixinə bir sıra mübahisəli yanaşmalar miras qalıb.
Həsən Həsənovun sözlərinə görə, Atropatena Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra deyil, daha əvvəl yaranıb. Tarixçi alim Atropatenanın yaranma tarixinin e.ə. VII əsrə, konkret olaraq e.ə. 612-ci ilə aid olduğunu bildirib və bu mövqeyini qədim mənbələrə istinadla əsaslandırıb.
Alim çıxışında mənbə ilə tədqiqat arasındakı fərqə də diqqət çəkib. Onun sözlərinə görə, jurnalistlər tarixi mövzularla bağlı məlumat hazırlayarkən fikirlərin ilkin mənbəyə, yoxsa sonrakı tədqiqatlara əsaslandığını müəyyənləşdirməlidirlər.
Həsən Həsənov Qafqaz Albaniyasının yaranma tarixi ilə bağlı da öz yanaşmasını təqdim edib. O bildirib ki, Albaniyanın e.ə. IV əsrdə dövlət kimi yaranmasını təsdiqləyən mənbə yoxdur. Tarixçinin sözlərinə görə, qədim mənbələrdə Albaniya çarlığı ilə bağlı məlumatlar daha sonrakı dövrə, o cümlədən e.ə. 66-cı ilə aid edilir.
Çıxış zamanı Sovet və Ermənistan tarixşünaslığında Qafqaz Albaniyasının tarixinə dair müxtəlif yanaşmalardan, albanların mənşəyi və dini inancları ilə bağlı məsələlərdən də danışılıb. Həsən Həsənov jurnalistlərin tarixi mövzuların işıqlandırılması zamanı mənbələrlə işləməsinin vacibliyini vurğulayıb.
Nigar Xəlilli
14:14 21.09.2026
Oxunuş sayı: 80