Azərbaycan-Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə təşkil etdiyi Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, müsabiqənin əsas məqsədi iki ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi və aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.
Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə təqdim olunan 139 elmi layihə ekspertizadan keçirilib. Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinə əsasən 5 layihə qalib elan olunub.
Qalib layihələr aşağıdakılardır:
• “Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması” – Azərbaycan tərəfdən ETN Kimya İnstitutu, Özbəkistan tərəfdən İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti;
• “Günəş, külək və dizel elektrik stansiyalarının enerji yığma sistemləri ilə birlikdə kombinə olunmuş işinin optimal idarə olunması üçün alqoritmlərin hazırlanması” – Azərbaycan tərəfdən Sumqayıt Dövlət Universiteti, Özbəkistan tərəfdən İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti;
• “Avtonom istilik təchizatı sistemləri üçün funksional kompozit materiallar əsasında polimer Günəş kollektorunun parametrlərinin işlənməsi və elmi əsaslandırılması” – Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Özbəkistan tərəfdən Qarşı Dövlət Texniki Universiteti;
• “Əlçatan mobillik – daha yaxşı şəbəkə planlaşdırılması ilə nəqliyyat sisteminin optimallaşdırılması (şəhər mobilliyinin öyrənilməsi üçün proqram təminatının hazırlanması)” – Azərbaycan tərəfdən Azərbaycan Texniki Universiteti, Özbəkistan tərəfdən Cihaz Politexnik Universiteti;
• “Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması” – Azərbaycan tərəfdən AR ETN Kimya İnstitutu PHŞ, Özbəkistan tərəfdən Olmalıq Dövlət Texniki İnstitutu. (AZƏRTAC)
12:12 14.09.2026
Oxunuş sayı: 48