“Sabah” üçün “Old Trafford” sınağı - qalib gəlmək şansımız yüksəkdi
“Sabah” UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşılaşacaq. İngiltərə klubunun ev sahibi olması “Sabah” üçün oyunu daha da çətinləşdirir. “Mançester Yunayted” həm heyətinin səviyyəsinə, həm də təcrübəsinə görə görüşün əsas favoriti hesab olunur. “Sabah”ın isə bu matçda daha ehtiyatlı və intizamlı oyun nümayiş etdirməsi gözlənilir. Bununla belə, rəqibin hücum xarakterli oyunu Azərbaycan klubuna əks-hücumlar üçün imkanlar yarada bilər. Komandanın sürətli futbolçuları yaranacaq boşluqlardan istifadə etməyə çalışacaq. Bəs “Sabah” “Old Trafford”da İngiltərə nəhənginə qarşı nəyə ümid edə bilər?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, “Sabah”ın “Mançester Yunayted” qarşısında əsas üstünlüklərindən biri əks-hücumlarda yaranacaq imkanlar ola bilər:
“Əslində, həm azarkeş kütləsi, həm də futbol ictimaiyyəti olaraq yəqin ki, hamı kimə qarşı oynadığımızı dərk edir. Rəqib Çempionlar Liqasının qalibi olmuş İngiltərə klubudur. Məncə, klub səviyyəsində qazanmadıqları heç bir kubok qalmayıb — “Mançester Yunayted”dən söhbət gedir. Ona görə də belə bir komandaya qarşı oynayarkən, əlbəttə ki, oyunun favoriti birdəfəlik biz deyilik. Bu oyundan nə gözləmək olar? Düşünürəm ki, rəqibin favorit və ev sahibi olduğunu, üstəlik İngiltərə təmsilçisinə qarşı oynadığımızı nəzərə alaraq daha ehtiyatlı davranmalı olacağıq. Burada hər şey bizdən asılı deyil və olmayacaq da. Çünki belə rəqiblərə qarşı oynayarkən neçə mükəmməl təsir bağışlamağa çalışsan da, rəqib oyunçuların ustalıq səviyyəsi o həddədir ki, hansısa bir boşluğu tapıb ondan dərhal istifadə edirlər".
Ekspert qeyd edib ki, ona görə də müəyyən bir nəticə gözləməkdənsə, həm azarkeş, həm də futbol adamı olaraq bu oyundan zövq almağa çalışacağam. Azarkeşləri də buna səsləyirəm: "Çempionlar Liqasının himnini eşitmək, daha sonra “Old Trafford”da bir Azərbaycan komandasının “Mançester Yunayted”ə qarşı oyuna çıxması özü elə bir bayramdır. Təbii ki, oyunçularımız üçün çətin olacaq. Məncə, futbolçulara artıq nəsə deməyə ehtiyac yoxdur, çünki həm onlar, həm də texniki heyət bütün məsuliyyəti dərk edirlər. Əlbəttə ki, bu oyundan qələbə qazanmağı və ya qələbə gözləməyi düşünmək bir az sadəlövhlük olardı. Əlbəttə, futboldur, hər şey mümkündür. Amma əminəm ki, bizim əks-hücumlarımız cavabsız qalmayacaq, yəni kifayət qədər belə imkanlarımız olacaq. Ehtimal etmək olar ki, “Mançester” daha dominant oynamağa və bizi öz qapımıza tərəf sıxmağa çalışacaq. Belə olan halda isə onların müdafiəsində boşluqlar yarana bilər. “Sabah”ın oyunçuları da kifayət qədər sürətli olduğu üçün bu boşluqlardan yararlana bilərlər. Lakin əks-hücumlara çıxarkən öz qapımızı toxunulmaz saxlamaq da asan olmayacaq. Rəqibin də bizim verdiyimiz boşluqlardan istifadə etmək şansı yüksəkdir. Ona görə də, əlbəttə ki, qələbə və ya xal qazanmaq möhtəşəm olardı. Amma məncə, ən azından bir qol vurmağımızı istəyirəm və düşünürəm ki, qol şansımız olacaq, yəni meydançadan sıfır qol şansı ilə çıxmayacağıq. Bunu nə dərəcədə reallaşdıra biləcəyimizi öncədən bilmək çətindir. Hər halda, bu atmosferdən zövq almağa çalışacağıq. Nəticə neçə olur-olsun, fərq etmir. Məğlub da ola bilərik, hətta üç top fərqi ilə də uduza bilərik. “Mançester” Premyer Liqa təmsilçisidir və belə komandalar, xüsusən də İngiltərədə oynayarkən, çox aqressiv olurlar. İkinci tərəfdən, mərkəz müdafiəçimiz Solvetin durumunun necə olduğunu bilmirəm. Son oyunda ciddi zədə almışdı. Düzdür, baş məşqçi onun oyuna çıxa biləcəyini qeyd etdi, amma hər halda müəyyən məşq prosesini buraxmışdı. Oynasa belə, 100% gücü ilə çıxış edəcəyinə inanmıram. Bu da bizim üçün böyük bir itkidir. Əslində, təkcə o yox, iki nəfər zədəlidir: Umarəli və Solvet. Nə olursa, olsun, yenə də bu oyundan zövq almağa çalışacağıq. Oyuna baxacağıq. Düşünürəm ki, oyun “Mançester”in üstünlüyü ilə keçəcək, amma bizim də şanslarımız olacaq və bu şansları gələcəkdə reallaşdırmaq lazımdır”.
Zeynəb Həsən
18:00 10.09.2026
Oxunuş sayı: 37