Rusiya CAS-a müraciət etdi
Rusiya Xokkey Federasiyası milli komandaların beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Çempionat” bu barədə məlumat yayıb.
Rusiya Xokkey Federasiyası avqustun 31-də Beynəlxalq Buz Xokkeyi Federasiyasının (IIHF) Rusiya yığmalarının yarışlara buraxılmaması ilə bağlı qərarından CAS-a tam şikayət mətnini göndərib. Federasiyanın prezidenti Vladislav Tretyak bildirib ki, prosesin hazırlanması hüquqşünaslarla birlikdə məsələnin bütün aspektlərinin diqqətlə araşdırılmasını tələb edib.
İş üzrə dinləmənin 2026-cı ilin oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır.
Tretyak həmçinin bildirib ki, Rusiyanın kişi və qadın tələbə xokkey komandaları yanvarda keçiriləcək Universiadada iştirak edəcəklər. O, bunu beynəlxalq yarışlara qayıdış baxımından ilk müsbət siqnal kimi qiymətləndirib.
Xatırladaq ki, IIHF iyulun sonunda təhlükəsizlik, yarış iştirakçılarının qorunması və turnirlərin ədalətli keçirilməsi ilə bağlı narahatlıqları əsas gətirərək Rusiya yığmalarının yarışlardan kənarlaşdırılmasını qüvvədə saxlayıb.
Rusiya Xokkey Federasiyası əvəlcə prosessual müddətlərə riayət etmək üçün şikayəti IIHF-nin İntizam Şurasına göndərib. Daha sonra beynəlxalq federasiya ilə razılaşma əldə edildikdən sonra iddia birbaşa CAS-a təqdim olunub.
17:25 02.09.2026
Oxunuş sayı: 41