Elmə və təhsilə həsr olunmuş ömür – Cəmil Əhmədli
Müdriklər demişlər: “Bilik insanın bəzəyidir”. Biliyi, elmi insana öyrədən isə müəllimdir. Tarix boyu “müəllim” adı, müəllimlik sənəti yüksək qiymətləndirilmişdir. “Müəllim ən böyük bağbandır” atalar sözündə deyildiyi kimi, müəllim yetirdiyi tələbələrə, yaratdığı məktəbə görə tanınır. Əgər bir şəxs həm müəllimliklə, həm də elmi tədqiqatla məşğuldursa, onun fəaliyyəti xüsusilə əvəzsizdir. Bu mənada professor Cəmil Əhmədlinin yaradıcılığı diqqəti cəlb edir. Çünki o, alim kimi qələmə aldığı dəyərli elmi əsərlərlə bərabər, müəllimlik fəaliyyətinə görə də böyük nüfuz qazanmışdır.
Cəmil Teymur oğlu Əhmədli 27 oktyabr 1931-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə daxil olmuş, 1953-cü ildə Stalin təqaüdü ilə universiteti bitirmişdir. O, 1953-cü ildə Moskvaya gedərək SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda aspiranturaya qəbul olmuş, 1956-cı ilin dekabr ayında “Azadlıq və zərurət” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. Cəmil Əhmədli AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) kiçik elmi işçi, baş elmi işçi və elmi katib vəzifələrində işləmişdir. Alim 1965-ci ildə “Materialist dialektikanın qanun və kateqoriyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Fəlsəfə kafedrasının müdiri təyin edilmiş, elə həmin ildə professor adını qazanmışdır.
Cəmil Əhmədlinin elmi təşkilatçılıq fəaliyyəti də diqqətəlayiqdir. O, 1969-cu ildə həmin institutun nəzdində ilk sosioloji tədqiqatlar laboratoriyasını yaratmış, bununla Azərbaycanda sosioloji araşdırmaların inkişafına mühüm töhfə vermişdir. 1990–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və Sosiologiya kafedrasına rəhbərlik etmiş, 2005-ci ildən ömrünün sonunadək universitetin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. Cəmil Əhmədli əməkdar elm xadimi fəxri adını almış, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademik seçilmiş, “Şöhrət” ordeni ilə təltif edilmişdir. Alim 9 fevral 2010-cu ildə vəfat etmişdir.
Cəmil müəllim “Azadlıq və zərurət” (rus dilində, 1960); “Materialist dialektikanın qanun kateqoriyası” (1963); “Materialist dialektikanın əsas qanunları” (1967); “Qanun kateqoriyasının formalaşması tarixindən” (1969); “Tarixi idrak haqqında” (rus dilində, 1969); “Qanun kateqoriyasının formalaşması tarixinə dair” (1974); “Sosiologiyaya dair söhbətlər” (1981); “Məkan və zaman: problemlər, paradokslar və həllər” (1988); “A.Enşteynin fəlsəfi görüşləri və prinsiplər metodu” (İ.Feldman ilə birgə, 1991) və b. kitabların müəllifidir.
Professor Cəmil Əhmədli Azərbaycan fəlsəfə elminin inkişafında mühüm yeri olan tədqiqatçılardandır. Onun elmi yaradıcılığı fəlsəfənin nəzəri problemlərini, materialist dialektikanın qanun və kateqoriyalarını, idrak məsələlərini, məkan və zaman problemlərini, eləcə də sosioloji düşüncənin müxtəlif istiqamətlərini əhatə edir.
Cəmil Əhmədlinin şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdən biri alimliklə müəllimliyi üzvi şəkildə birləşdirməsi idi. O, fəlsəfənin mürəkkəb nəzəri məsələlərini sadə və anlaşıqlı dillə izah edir, tələbələrində müstəqil düşüncə, elmi axtarış və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə çalışırdı.
Alimin elmi rəhbərliyi ilə çoxlu sayda kurs, diplom, magistr işləri, dissertasiyalar müdafiə edilmişdir. Onun elmi rəhbərliyi ilə yetişən mütəxəssislər Azərbaycan elminin və təhsilinin müxtəlif sahələrində fəaliyyət göstərərək müəllimlərinin elmi ənənələrini davam etdirmişlər.
Mənim üçün də Cəmil müəllim yalnız tanınmış alim deyil, həm də həyatımda mühüm iz qoymuş əvəzsiz müəllim və elmi rəhbər olmuşdur. Onun adını ilk dəfə uşaq yaşlarımda atamdan — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovdan eşitmişdim. Sonralar Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə şöbəsində təhsil alarkən onun tələbəsi olmaq, elmi rəhbərliyi ilə kurs və diplom işlərini müdafiə etmək mənə nəsib oldu. “Nəsirəddin Tusinin dünyagörüşü” mövzusunda fəlsəfə doktoru dissertasiyamın elmi rəhbəri də məhz Cəmil müəllim idi. Beləliklə, mən onun həm tələbəsi, həm də aspirantı olmuşam.
Cəmil Əhmədli qayğıkeş, səbirli, təvazökar və xeyirxah insan kimi tələbə və aspirantlarının elmi problemlərinə həssaslıqla yanaşır, çətinliklərini aradan qaldırmağa kömək edir, onların uğurlarına öz uğuru kimi qəbul edirdi. Cəmil müəllimin köməyi ilə elmi fəaliyyətim dövründə qarşılaşdığım bəzi çətinlikləri həll etmişəm.
İnsan həyatı müvəqqətidir, lakin onun yaratdığı mənəvi sərvətlər və cəmiyyətə bəxş etdiyi dəyərlər uzun illər yaşayır. Cəmil Əhmədlinin həyat yolu bu fikrin parlaq nümunəsidir. O, ömrünü elmi axtarışlara, fəlsəfi düşüncənin inkişafına, təhsilə həsr etmiş, onun adı Azərbaycan elminin və təhsilinin tarixində mühüm yer tutur.
2026-cı ildə əməkdar elm xadimi, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademik, professor Cəmil Əhmədlinin anadan olmasının 95 illiyidir. Cəmil Əhmədli səmimiliyi, qayğıkeşliyi və xeyirxahlığı ilə hər kəsdə xoş xatirələr yaratmış, bu əvəzolunmaz insanın xatirəsi onu tanıyanların yaddaşında daim yaşayır.
Aytək Zakirqızı Məmmədova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
11:08 26.10.2026
Oxunuş sayı: 68