Ölümcül TikTok trendi - uşaqlarınızı qoruyun
Sosial şəbəkələrdə yayılan təhlükəli trendlər son dövrlərdə geniş müzakirə olunan məsələlərdəndir. Əyləncə və diqqət çəkmək məqsədi daşıyan bəzi çağırışlar insanların sağlamlığı və həyatı üçün ciddi risklər yarada bilər. Buna baxmayaraq, müxtəlif yaş qruplarından olan insanlar belə trendlərə qoşulmaqda davam edirlər. Bəs insanlar niyə təhlükəli sosial media trendlərinin təsirinə düşür? Bu cür trendlərə qoşulmağa hansı psixoloji amillər səbəb olur?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, təhlükəli trendlərə qoşulma məsələsi yalnız sosial deyil, həm də psixoloji problem kimi qiymətləndirilməlidir: “İnsan yarandığı gündən yaşadığı mühitdə, yəni cəmiyyətdə başqalarından fərqlənmək istəyi ilə yaşayır. İnsan kamilləşdikcə bu istək azalır və ya öz formasını, mövzusunu dəyişir. Cahil insan öz ağlı ilə bunu edə bilmədiyindən öz xarici görünüşü ilə başqalarının diqqətini özünə çəkməyə çalışır. Məsələn, tatu vurdurur, qeyri-adi geyim geyinir. Müğənnilərdə də bunu daha qabarıq görürük. Səsi və oxuma tərzi ilə seçilə bilməyənlər geyimi və ya qalmaqalla diqqəti özünə cəlb edirlər. Sadə insanlarda da eyni hal müşahidə olunur. Bəzən həmin insan artıq elə həvəsə gəlir ki, buna “ovçu həvəsi” deyirlər. Ovun arxasınca meşənin dərinliyinə getmək və ya qumarbazın bütün olub-olmayanını oyuna qoyması kimi bir hiss, yəni adrenalin, onlara üstün gəldiyindən bu insanlar trendin təhlükəsi ilə əyləncəsi arasında olan kiçik sərhədin harada olduğunu unudurlar. Daha dəqiq desək, bunu ağıllarına belə gətirmirlər”.

Psixoterapevt Məmmədsadiq Məmmədov isə bildirib ki, insanların trendlərə qoşulmasının müxtəlif səbəbləri ola bilər: “İlk olaraq aidlik tələbatının ödənməməsi zamanı bu vəziyyət çıxış yolu kimi görünür. İnsan bir qrupa aid olmaq üçün onlar kimi olmağa çalışır. Trendlər anidən yaranıb sürətlə genişlənir. Bu səbəbdən bir çoxları tərəfindən maraqla qarşılanır və qəbul edilir. Bu isə aidlik tələbatının ödənməsi üçün cəlbedici görünür. İnsanlar real həyatlarında ətraflarındakı insanlara və qruplara aid olmaqda çətinlik çəkdikləri zaman belə yollara baş vururlar. Aidliklə bağlı problemin başlıca səbəbləri insanın özünü olduğu kimi qəbul etməməsi, özünü sevməməsi və natamamlıq kompleksinin yüksək səviyyədə olmasıdır. Belə düşünənlər daxildə, dərinlərdə özlərini və digər insanları yaxşılara və pislərə, yuxarı və aşağı səviyyələrə ayırırlar. Bu zaman isə digər insanlarla səmimi münasibət yarada bilmirlər. Səmimi münasibət olmadıqda insan özünü yad hiss edir. Beləliklə, trendlər çoxları tərəfindən qəbul görülüb maraqla qarşılandığı üçün həmin insanlar təhlükəli olmasına baxmayaraq bu yollara baş vururlar. Nəticədə daxildə “Mən də hər kəs kimiyəm, sevilirəm, qəbul edilirəm” hissi yaranır. Təbii ki, bu, aidlik tələbatının ödənməsi üçün sağlam yol deyil. Digər bir səbəb isə adrenalin çatışmazlığı ola bilər. Adrenalinə hər kəsin müxtəlif səviyyədə ehtiyacı yaranır. Əgər bu hədd yüksəkdirsə, təhlükəli vəziyyətlərə daxil olmaq onların bu tələbatını ödəyir. Həmin an təhlükə vəziyyətindən çıxmaq üçün qana kəskin adrenalin ifraz olunur. Digər səbəblərdən biri isə sosial medianın həyatı “çox gözəl” kimi göstərməsidir. Real həyatın çətinlikləri ilə üzləşmək istəməyən insan bu “çox gözəl”, amma real olmayan “həyat”da yaşamağı seçir. Bu, təhlükəli olsa belə”.
Zərnigar Hüseynli
15:30 01.09.2026
Oxunuş sayı: 51