Azərbaycanda otellərin xidmət keyfiyyəti aşağıdır
Azərbaycanda turizm sektorunun inkişafı fonunda otel infrastrukturunun genişləndirilməsi əsas məsələlərdən biri olaraq qalır. Ölkənin həm paytaxtında, həm də regionlarında müxtəlif kateqoriyalı hotellərin sayı artsa da, turist axınının genişlənməsi ilə mövcud hotellərə tələbat da yüksəlir. Bu baxımdan yeni hotellərin tikilməsi və turizm sahəsinə investisiyaların artırılması diqqət mərkəzindədir. Eyni zamanda hotellərin sayının artması ilə yanaşı, göstərilən xidmətlərin keyfiyyəti də mühüm əhəmiyyət daşıyır. Otellərin ulduz kateqoriyasının onların real xidmət səviyyəsinə uyğun müəyyənləşdirilməsi turist məmnuniyyətinin təmin olunmasında vacib amillərdəndir. Xidmət səviyyəsinin yüksəldilməsi üçün peşəkar kadrların hazırlanması, otel otaqları, restoran, spa, parkinq və digər xidmətlərin müvafiq standartlara uyğunlaşdırılması tələb olunur.
Turizm eksperti Əziz Şiriyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda otellərin sayı artmalı, bununla yanaşı xidmət keyfiyyətinə də xüsusi diqqət yetirilməlidir:
“Azərbaycanda Otellər Assosiasiyası var ki, onlar üçün otellərin ulduz kateqoriyasını yeniləmək, uyğundursa eyni kateqoriyanı təqdim etmək səlahiyyəti verilib. Uyğun deyilsə aşağı, yox əgər daha geniş, daha keyfiyyətli xidmət göstərirlərsə və bütün standartlara cavab verirlərsə, daha yüksək ulduzla təmin olunmalıdırlar. Əlbəttə ki, beynəlxalq standartlı otel zəncirləri istisna olmaqla — çünki beynəlxalq standartlı otellərə artıq beynəlxalq dərəcədə ulduz verilib.
Digər cəhətdən isə, Azərbaycanda nə qədər mərkəzdə və regionlarda otellər olsa da, turist potensialından və gəlmə sayından — yəni kütləvi turizmdən (2026–2030-cu illər üçün cənab Prezidentin turizmə dair proqramına əsasən) çıxış etsək — otellərin sayı hələ də azdır.
Yenə də yeni otellərin tikilməsi gündəmdədir. Tikilən otellərə görə sahibkarlara subsidiyaların verilməsi, investorların bu sahəyə marağının daha da artırılması bu gün diqqət mərkəzindədir. Otellərin sayı artmalıdır, amma bununla bərabər:
Kadrlar keyfiyyətli təlim almalıdır;
Düzgün xidmət göstərilməlidir;
Otelin otaqları, restoranı, spa xidməti, parkinqi və digər bütün imkanları ulduz kateqoriyasına və standartlara tam cavab verməlidir.
Yalnız bu halda biz bura gələn turistləri ən azından otel xidməti baxımından məmnun şəkildə yola sala bilərik.”
Zeynəb Həsən
14:30 01.09.2026
Oxunuş sayı: 51