Belçikadan ABŞ səfirinə SƏRT XƏBƏRDARLIQ
Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ-nin Belçikadakı səfiri Bill Uayta sosial şəbəkələrdə hökumət rəsmilərini hədəf alan açıqlamalara son qoymağı tələb edib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Maksim Prevo səfirlə görüşündə Belçika rəsmilərinin sosial şəbəkələrdə şəxsən hədəfə alınmasının qəbuledilməz olduğunu bildirib. O, bundan sonra hər hansı təxribat xarakterli açıqlamanın əks nəticə verə və iki ölkə arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Belçika xarici işlər nazirinin sözlərinə görə, səfirin fəaliyyəti qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri də daxil olmaqla, diplomatik qaydalar çərçivəsində həyata keçirilməlidir.
Mübahisə ABŞ səfiri Bill Uaytın Belçikanın səhiyyə naziri Frank Vandenbrukeni sosial şəbəkədə hədəf almasından sonra yaranıb. Uayt alkoqollu içkilərin reklamlarında yeni sağlamlıq xəbərdarlıqları ilə bağlı müzakirələr fonunda nazirin süni intellektlə hazırlanmış görüntüsünü paylaşaraq onu tənqid edib.
Bu, Bill Uaytın Belçika hakimiyyəti ilə sosial şəbəkələr üzərindən yaranan ilk mübahisəsi deyil. O, daha əvvəl də Belçikanın daxili və məhkəmə məsələləri ilə bağlı açıqlamalarına görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
16:11 31.08.2026
Oxunuş sayı: 48