İslandiyanin YOX cavabının Aİ-ə təsiri
İslandiya seçiciləri Avropa İttifaqına üzvlük danışıqlarının yenidən başlanmasına qarşı çıxıblar.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
29 avqustda keçirilən referendumun nəticələrinə görə, seçicilərin 52,8 faizi Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasını dəstəkləməyib. Seçicilərin 47,2 faizi isə danışıqların yenidən başlamasına səs verib. Referendumda iştirak səviyyəsi 82,5 faiz təşkil edib.
Referendum birbaşa İslandiyanın Aİ-yə üzv olub-olmamasını müəyyən etmirdi. Səsvermədə əsas məsələ ölkənin daha əvvəl dayandırılmış üzvlük danışıqlarını yenidən davam etdirib-etdirməməsi idi.
Nəticəyə təsir edən əsas məsələlərdən biri ölkənin balıqçılıq sektorunun gələcəyi olub. Referendumun əleyhdarları Aİ-yə üzvlük danışıqlarının bərpasının İslandiyanın balıqçılıq kvotaları və dəniz resursları üzərində nəzarətini zəiflədə biləcəyindən narahat idilər. Balıqçılıq ölkə iqtisadiyyatı və ixracında mühüm yer tutur.
Aİ tərəfdarları isə ölkənin dəyişən geosiyasi şərait fonunda Avropa ilə əlaqələrini daha da gücləndirməsinin iqtisadi və siyasi baxımdan faydalı ola biləcəyini müdafiə edirdilər. Xüsusilə Arktikada artan geosiyasi gərginlik və beynəlxalq təhlükəsizlik məsələləri referendum kampaniyasının əsas mövzularından olub.
İslandiyanın baş naziri Kri̇strun Frostadottir referendumun nəticəsinə hörmət ediləcəyini bildirib. Ölkənin Aİ-yə üzvlük müraciəti isə hələ rəsmi şəkildə geri götürülməyib və onun gələcək taleyi parlamentdə müzakirə olunacaq.
İslandiya hazırda Aİ üzvü olmasa da, Avropa İqtisadi Məkanı və Şengen zonasının üzvüdür. Referendumun nəticəsi Brüsselin genişlənmə siyasəti baxımından da ciddi siyasi siqnal kimi qiymətləndirilir.
10:18 31.08.2026
Oxunuş sayı: 58