Quş qripi dənizə keçdi: Delfin H5N1-dən öldü
Avstraliyanın Cənubi Avstraliya ştatında delfin H5N1 quş qripindən ölüb. Bu, ölkədə virusun yerli məməli heyvan növündə aşkarlanması ilə bağlı ikinci haldır.
Crossmedia.az xəbər verir ki, delfinin cəsədi Cənubi Avstraliyanın Fleurieu yarımadasında, Goolwa yaxınlığında aşkarlanıb.
Ştat üzrə aparılan testlər heyvanda H5N1 virusunun olduğunu təsdiqləyib və nümunələr əlavə araşdırma üçün Avstraliya Xəstəliklərə Hazırlıq Mərkəzinə göndərilib.
Bu hadisədən əvvəl Cənubi Avstraliyada Beachport və Pages Islands ərazilərində uzunburunlu xəz suitilərində, Port Adelaide yaxınlığında isə qırmızı tülküdə H5N1 aşkarlanmışdı.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, adi delfinlər quş qripinin təsirinə yüksək risk qrupunda olan canlılar hesab edilir. Virusun geniş yayılacağı təqdirdə onların sayında ciddi azalma baş verə biləcəyi bildirilir.
Cənubi Avstraliyanın İlkin Sənaye və Regionlar Departamentindən bildirilib ki, delfində H5 quş qripinin aşkarlanması Avstraliya üçün yeni hal olsa da, xarici ölkələrdə delfin və donuzburunlu balinaların bu virusa yoluxması qeydə alınıb.
Eyni zamanda, Tasmaniyada King Island adasının cənub hissəsində təxminən 100 ölü kiçik pinqvin aşkarlanıb. Yerli hökumət hadisəni kütləvi tələfat kimi qiymətləndirib, lakin quşların cəsədlərinin çürümüş vəziyyətdə olması səbəbindən H5 quş qripinə görə test aparmaq mümkün olmayıb.
Mütəxəssislər bildiriblər ki, quşların bir çoxunda xəsarətlər müşahidə edilsə də, mövcud məlumatlar əsasında onların ölüm səbəbini dəqiq müəyyənləşdirmək mümkün deyil. Ərazidə monitorinq işləri davam etdirilir.
Bundan başqa, Avstraliya hökuməti Cənub okeanında yerləşən Makkuori adasındakı tədqiqat stansiyasında çalışan 24 ekspedisya üzvünün geri çəkilməsi barədə qərar qəbul edib. Adada hələ H5N1 aşkarlanmasa da, burada böyük fil suitisi koloniyalarının yerləşməsi səbəbindən qarşıdakı çoxalma mövsümündə kütləvi tələfat ehtimalının yüksək olduğu bildirilib.
Hakimiyyət hesab edir ki, belə bir hadisə ekspedisiya üzvlərinin uzunmüddətli psixoloji stress yaşamasına və digər iş şəraiti ilə bağlı problemlərə səbəb ola bilər.
08:40 29.08.2026
Oxunuş sayı: 53