Polşa Baş nazirindən “Şimal axını” ilə bağlı SƏRT MESAJ
Polşanın Baş naziri Donald Tusk “Şimal axını” qaz kəmərlərinin partladılmasına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsinə qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, “TVP World” bu barədə məlumat yayıb.
Tusk bildirib ki, Almaniya qaz kəmərlərinin partladılmasında şübhəli bilinən şəxsləri təqib etməməlidir. O, Polşanın əvvəldən “Şimal axını” layihələrinə qarşı olduğunu və bu layihələrin Avropanın Rusiya enerji resurslarından asılılığını artıracağını düşündüyünü qeyd edib.
“Bu məsələdə fikrimi dəyişməyəcəyəm. Hesab edirəm ki, utanmalı olanlar bu qaz kəmərini tikənlərdir, onu sıradan çıxaranlar deyil”, – deyə Tusk bildirib.
“Şimal axını” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Hadisə ilə bağlı Almaniyada araşdırma davam edir. Son olaraq Xorvatiyada Ukrayna vətəndaşı partlayışlarda iştirakda şübhəli bilinərək saxlanılıb.
10:04 21.08.2026
Oxunuş sayı: 59