Xarkovda xəstəxana vurulub: Dörd nəfər yaralanıb
Rusiya ordusunun noyabrın 20-nə keçən gecə Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində xəstəxana və yaşayış kompleksinə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Xarkov meri İqor Terexov və vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bu barədə məlumat yayıblar.
Terexovun sözlərinə görə, Rusiya PUA-sı şəhərin Şevçenkovski rayonunda yerləşən tibb müəssisəsinə zərbə endirib. Nəticədə dörd nəfər yaralanıb, binanın 50-dən çox pəncərəsi sınıb.
Daha sonra eyni rayondakı yaşayış kompleksinə də zərbə endirilib. Hadisə yerində yanğın baş verib.
Oleq Sinequbov bildirib ki, hücum zamanı dayanacaqda saxlanılan avtomobil vurulub.
“Yaşayış kompleksinin yaxınlığındakı dayanacaqda beş avtomobilə, çoxmənzilli binanın isə birinci mərtəbəsinin pəncərələrinə ziyan dəyib. Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb”, – deyə o qeyd edib.
Bildirilib ki, noyabrın 20-nə keçən gecə və səhər saatlarında Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla kütləvi hücum həyata keçirib.
Paytaxt Kiyev də ballistik raket zərbələrinə məruz qalıb. Şəhərin bir neçə rayonunda yanğınlar baş verib.
Məlumata görə, Kiyevdə Podolsko-Voskresenski, Darnitsa və Cənub körpüləri də zərbələrə məruz qalıb. Nəqliyyatın hərəkətində yaranan çətinliklərlə əlaqədar sakinlərə ciddi zərurət olmadıqda şəxsi avtomobillərlə şəhərə çıxmamaq tövsiyə edilib.
Bundan başqa, Ukraynanın qərb bölgələrinə də hücumlar təşkil olunub. Lvov şəhərində partlayış səsləri eşidilib.
13:42 20.11.2026
Oxunuş sayı: 44