Dmitriyev: Avropada sülhə nail olmaq çətindir
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Avropada sülhün təmin edilməsi üçün real razılığın əldə olunmasını çətin vəzifə adlandırıb.
Crossmedia.az xəbər verir ki, Kirill Dmitriyev bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Müharibəni qızışdıranları sülhməramlılara çevirmək və Avropada sülh naminə real konsensus formalaşdırmaq asan məsələ deyil”, – deyə o bildirib.
Dmitriyev bu fikirləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Berlində keçirilən “İstəklilər koalisiyası” toplantısında Avropa liderləri ilə görüşün nəticələrinə dair paylaşımını şərh edərkən səsləndirib.
Uitkoff Avropa ölkələrinin rəhbərlərinin görüş zamanı Ukrayna münaqişəsinin nizamlanmasına ciddi yanaşma nümayiş etdirdiklərini bildirib.
Qeyd edək ki, noyabrın 13-də Dublində keçirilən sammitdə Avropa İttifaqı liderləri Rusiya, ABŞ və Ukrayna ilə texniki danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
“Avropa İttifaqı + E5” formatına Avropa Komissiyası və Avropa İttifaqı Şurasının nümayəndələri, həmçinin Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya daxildir. Eyni format daha əvvəl Əbu-Dabidə keçirilən danışıqlarda da tətbiq olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Rusiya və Ukraynanın təhlükəsizliyi, eləcə də Avropanın gələcək təhlükəsizlik sisteminin müzakirəsi zamanı Avropa ölkələri ilə dialoq zəruri olacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Avropa İttifaqının danışıqlara qoşulmaq istəyini şərh edərkən Avropa ölkələrinin prosesdən geri qaldıqlarını anladıqlarını və son anda danışıqlara qoşulmağa çalışdıqlarını söyləyib.
Lavrovun sözlərinə görə, Avropa nümayəndələrinin açıqlamaları onların danışıqlarda hansı rolu oynaya biləcəklərini hələ də tam anlamadıqlarını göstərir.
13:38 20.11.2026
Oxunuş sayı: 51