Polşa Ukraynaya qoşun göndərməyəcək
Polşa Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra “İstəklilər koalisiyası” çərçivəsində ölkəyə hərbi qüvvə göndərməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, “RMF24” radiostansiyası bu barədə məlumat yayıb.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Varşava koalisiyanın fəaliyyətində Ukrayna ərazisinə hərbçi göndərmək formatında iştirak etmir.
“Biz əvvəldən Vladimir Zelenski ilə Polşa əsgərlərinin Ukraynada olmayacağını müzakirə etmişik”, – deyə Tusk vurğulayıb.
Baş nazir bu açıqlamanı Polşada keçirilən “Koalicja 26.2” hərbi təlimlərini şərh edərkən verib.
Onun sözlərinə görə, Polşa Ukraynaya hərbi kontingent göndərməsə də, koalisiyanın fəaliyyətində mühüm logistik rol oynamağa davam edəcək.
Qeyd edək ki, noyabrın 9-dan 22-dək davam edən təlimlər Böyük Britaniya və Fransanın rəhbərliyi ilə təşkil olunub. Təlimlərin məqsədi Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra beynəlxalq qüvvələrin mümkün fəaliyyətinə hazırlıq səviyyəsini yoxlamaqdır.
13:50 20.11.2026
Oxunuş sayı: 52