AMEA ilə Kembric Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Kembric Universitetinin nəzdindəki Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Siddharth Saxena və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson ilə görüşüb.
Crossmedia.az xəbər verri ki, AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Böyük Britaniya arasında elmi və mədəni əlaqələrin genişləndirilməsi, eləcə də Nizami Gəncəvinin ədəbi irsinin Avropada tanıdılması istiqamətində həyata keçiriləcək layihələrin əhəmiyyətindən danışıb.
AMEA rəhbəri bildirib ki, birgə əməkdaşlıq çərçivəsində nəşr olunan “44 gün Qarabağ – işğaldan azadlığa” kitabından sonra Akademiya ilə britaniyalı mütəxəssislər arasında ikitərəfli əlaqələr daha da genişlənib. Qeyd edib ki, AMEA-nın Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərinin - “The Great Azerbaijani Poet Nizami Ganjavi” (akademik İsa Həbibbəyli), “Ethnic Identity of Nizami Ganjavi” (akademik Gövhər Baxşəliyeva), “Nizami və Şekspir” (akademik Teymur Kərimli) - Kembric Universitetinin kitabxanasına hədiyyə edilməsi, eləcə də Kembric Universitetində həmin kitabların təqdimatının keçirilməsinin planlaşdırılması birgə əməkdaşlığın yeni mərhələsidir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatının böyük klassiklərindən biridir və onun yaradıcılığının Avropada daha geniş tanıdılması ilə yanaşı, milli mənsubiyyətinin tarixi faktlar əsasında düzgün təqdim olunması da mühüm əhəmiyyət daşıyır. O, şairin fars dilində yazmasının onun milli mənsubiyyətini müəyyənləşdirmədiyini, orta əsrlərdə fars dilinin geniş yayılmış poeziya dili olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, sovet dövründə ölkəmizin beynəlxalq əlaqələrinin məhdudluğu Nizami irsinin dünya miqyasında Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi tanıdılmasına müəyyən çətinliklər yaradıb.
Kembric Universitetində keçirilməsi planlaşdırılan Azərbaycan nəşrlərinin təqdimatının bu həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacağını deyən akademik İsa Həbibbəyli bildirib ki, Nizaminin Azərbaycan ədəbiyyatına mənsubluğu, yaradıcılığının fəlsəfi və bədii xüsusiyyətləri elmi əsaslarla beynəlxalq auditoriyaya çatdırılmalıdır.
Akademik, həmçinin Böyük Britaniyaya səfər çərçivəsində Britaniya Akademiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin planlaşdırıldığını söyləyib. Diqqətə çatdırıb ki, AMEA-nın institutlarının bu əməkdaşlığa cəlb olunması, müxtəlif istiqamətlər üzrə birgə elmi layihələrin həyata keçirilməsi gələcək fəaliyyətin əsas istiqamətlərindən biri ola bilər.
Sonra çıxış edən Kembric Universitetinin nəzdindəki Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Siddharth Saxena Nizami Gəncəvinin yaradıcılığının beynəlxalq miqyasda tanıdılması təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, böyük klassiklərin yaradıcılığını və milli mənsubiyyətini bir dil amili çərçivəsində qiymətləndirmək düzgün deyil.
“Əsas problem ondan ibarətdir ki, Avropa ölkələrində son 200 il ərzində xalqları və mədəniyyətləri bir ölkə və bir dil əsasında təsnif etmək ənənəsi formalaşıb: fransız, alman, ingilis və s. Buna görə də müxtəlif xalqların fərqli dillərdə danışması və tarixən çoxdilli mühitdə yaşaması bir çox avropalılar üçün yeni anlayışdır. Nizami Gəncəvi, Əl-Xarəzmi və Əmir Xosrov Dəhləvi nümunələri göstərir ki, onların fars dilində yazıb-yaratması fars mənşəli olduqları anlamına gəlmir. Bu baxımdan, sizin təşviq etdiyiniz müzakirə yalnız Azərbaycanın tanıdılması deyil, həm də mövcud düşüncə tərzinin dəyişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Kembricə gəlmək və təklif etdiyimiz görüş bu istiqamətdə mühüm addımdır”, - deyə professor Siddharth Saxena söyləyib.
O, AMEA ilə tərəfdaşlığın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib, Elmlər Akademiyası modelinin hələ də Avropada geniş yayılmadığını bildirib: “Akademiya modelinin və bu ideyanın inkişafına, dəstəklənməsinə töhfə vermək üçün səylə çalışırıq. Hətta bu barədə Akademiyadan dəyərli bir institusional model kimi bəhs edən nəşr də hazırlamışam. Buna görə də AMEA ilə tərəfdaşlığımız bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Görüşdə, həmçinin Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson çıxış edərək AMEA ilə Britaniya Akademiyası, eləcə də Kral Cəmiyyəti və Kral İncəsənət Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin qurulmasına və müvafiq görüşlərin təşkilinə köməklik göstərməyə hazır olduğunu deyib.
Daha sonra qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva da iştirak ediblər.
Görüşdən sonra britaniyalı alimlər AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar. AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru Tubuxanım Qasımzadə və şöbənin əməkdaşları qonaqlara binanın tarixi barədə ətraflı məlumat verib, Rəyasət Heyətinin binasında yerləşən Böyük Akt zalı, Meridian zalı və Akademiya muzeyi ilə tanış ediblər.
13:21 20.11.2026
Oxunuş sayı: 45