Türkiyədə avtobus qəzaya uğrayıb: 20 yaralı
Türkiyənin Qaziantep vilayətində turist avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 20 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
Crossmedia.az xəbər verir ki, “İhlas” Xəbər Agentliyi (İHA) bu barədə məlumat yayıb.
Hadisə noyabrın 20-də Tarsus–Adana–Qaziantep (TAG) avtomagistralının Nurdağı rayonundakı Noqaylar ərazisində baş verib.
İlkin məlumata görə, Ö.A. adlı sürücünün idarə etdiyi, gübrə ilə yüklənmiş 21 AHH 969 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq yolun ayırıcı hissəsinə çırpılıb və yolda eninə dönüb.
Bu zaman arxadan gələn, S.A. adlı sürücünün idarə etdiyi 47 ACE 644 dövlət qeydiyyat nişanlı turist avtobusu yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtobusdakı çoxsaylı sərnişin xəsarət alıb.
Hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarma, təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.
Yaralanan 20 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar Qaziantep şəhərindəki xəstəxanalara çatdırılıblar. Yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Məlum olub ki, avtobus İstanbuldan Mardinə sərnişin daşıyırmış.
Qəzadan sonra avtomagistralın Qaziantep istiqamətində nəqliyyatın hərəkəti bir zolaqla, nəzarət altında təmin edilib.
Yük avtomobilinin sürücüsü saxlanılıb, hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlanılıb.
14:22 20.11.2026
Oxunuş sayı: 38