"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 2 minə yaxın könüllü cəlb olunacaq
Sentyabrda baş tutacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinə 2 minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub.
Crossmedia.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin nümayəndəsi Arifə Əliyeva deyib.
O, apreldə elan edilən könüllülər proqramına 3 gün ərzində 49 mindən çox müraciətin daxil olduğunu bildirib.
Qurum rəsmisi 2016-cı ildən etibarən yarışların təşkilinə 20 mindən çox gəncin könüllü kimi cəlb edildiyini vurğulayıb. Onlardan 400-dən çoxu uğurlu nəticə göstərərək sonrakı illərdə tədbirin təşkilində işçi qüvvəsi kimi fəaliyyətini davam etdirib.
Eyni zamanda, bu il dünyanın müxtəlif ölkələrindən 1550-yə yaxın beynəlxalq könüllünün onlayn müsahibə və təlim mərhələlərindən keçdiyi diqqətə çatdırılıb.
Həmçinin bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illiyinin sentyabrın son həftəsində təşkil olunacağını açıqlayıb.
Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.
12:44 20.08.2026
Oxunuş sayı: 53