Kişilərin diqqətinə - məişət zorakılığının qurbanı ola bilərsiniz
2026-cı ilin yanvar–iyun aylarında qeydə alınan cinayətlər nəticəsində 9 925 nəfər zərərçəkib. Onlardan 722 nəfəri, yəni 7,3 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkən olub. Bu göstərici məişət zorakılığının cəmiyyətdə ciddi problem olaraq qaldığını göstərir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, məişət zorakılığı həmişə olub və tamamilə aradan qaldırılması mümkün deyil: “Konflikt cəmiyyətin, eləcə də insan münasibətlərinin təbii formalarından biridir. İnsan öz daxilində, yaxınları ilə və ailə daxilində müxtəlif münaqişələr yaşaya bilər. Əsas məsələ bu münaqişələrin zorakılığa çevrilməsinin və ağır nəticələrə gətirib çıxarmasının qarşısını almaqdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunda məişət zorakılığı uzunmüddətli birgə yaşayış, qohumluq və ya ailə münasibətlərindən yaranan şəxslərdən birinin digərinə qarşı iqtisadi, fiziki, cinsi və ya psixoloji zorakılıq törətməsi kimi müəyyən edilir. Bu baxımdan məişət zorakılığı yalnız qadınlara qarşı zorakılıqla məhdudlaşmır. Uşaqlar və kişilər də məişət zorakılığının qurbanı ola bilərlər”.

Ü. Şəfiyev vurğulayıb ki, Azərbaycanda məişət zorakılığının və gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində müəyyən tədbirlər həyata keçirilir: “Lakin bununla problemin tamamilə yoxa çıxacağını gözləmək real deyil. Əsas məqsəd zorakılıq hallarının qarşısını almaq, münaqişələri vaxtında müəyyənləşdirmək və onların eskalasiyasına imkan verməməkdir. Bunun üçün psixoloq və sosial işçilərin ailələrlə sistemli şəkildə işləməsinə ehtiyac var. Xüsusilə münaqişəli və böhranlı ailələr müəyyənləşdirilməli, həmin ailələrlə sosial-psixoloji iş aparılmalıdır. Bu məqsədlə psixoloq və sosial işçilərin peşəkar fəaliyyətinin lisenziyalaşdırılması və sertifikasiyası, həmçinin yerli icra strukturlarında bu sahə üzrə ştatların yaradılması məqsədəuyğun olardı.
Əvvəllər bu cür məsələlərin həllində ağsaqqallıq institutu müəyyən rol oynayırdı. Lakin müasir dövrdə bu institutun funksionallığı əvvəlki səviyyədə deyil. Buna görə də ailədaxili münaqişələrin peşəkar müdaxilə ilə tənzimlənməsi daha vacibdir. Məişət zorakılığını bir anlayış kimi tamamilə ləğv etmək mümkün deyil. Lakin düzgün profilaktik tədbirlər və sosial-psixoloji müdaxilə vasitəsilə münaqişələrin zorakılığa çevrilməsinin, eskalasiya etməsinin və ağır nəticələrə gətirib çıxarmasının qarşısını almaq mümkündür”.
Nuray Mehtiyeva
17:30 19.08.2026
Oxunuş sayı: 56