İran Trampın atəşkəs təklifini rədd edib
İran ABŞ-nin Prezidenti Donald Trampın atəşkəs təklifini qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın təklifi Tehrana ABŞ-də Ağ ev rəhbəri ilə görüşdən sonra İraqın Baş naziri Əli əl-Zaidi vasitəsilə çatdırılıb. Lakin İran bu təşəbbüsü rədd edib.
Nəşrin yazdığına görə, uğursuz vasitəçilik cəhdi Trampın müharibəni daha da genişləndirmək və İranın mühüm infrastruktur obyektlərinə zərbələr endirmək barədə səsləndirdiyi hədələr fonunda baş tutub.
Xatırladaq ki, Donald Tramp iyulun 14-də Vaşinqtonda İraqın Baş naziri Əli əl-Zaidi ilə görüşüb. ABŞ lideri həmin görüş zamanı iraqlı hökumət başçısını “gənc və yaraşıqlı” adlandırıb.
İyulun 23-də isə Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanını ciddi şəkildə nəzərdən keçirdiyini və İslam Respublikasına yeni, daha iri miqyaslı zərbələrin endirilməsini istisna etmədiyini bildirib.
11:29 24.07.2026
Oxunuş sayı: 31