İqlim böhranı ölüm saçır: Hər il yüz minlərlə insan həyatını itirir
İqlim dəyişikliyi artıq təkcə ekoloji problem deyil, insanların ömür uzunluğuna, xəstəlik riskinə və səhiyyə sistemlərinin yükünə birbaşa təsir göstərən qlobal sağlamlıq böhranıdır.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyini XXI əsrin ən ciddi sağlamlıq təhdidlərindən biri kimi qiymətləndirir. Təşkilatın proqnozuna əsasən, 2030-2050-ci illərdə yalnız istilik stresi, qidalanma çatışmazlığı, malyariya və ishal səbəbindən hər il təxminən 250 min əlavə ölüm qeydə alına bilər.
İqlim böhranının sağlamlığa təsirlərinin başında ekstremal istilər dayanır. Risk qrupuna yaşlılar, körpələr, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, açıq havada çalışanlar və soyutma imkanlarına çıxışı məhdud olan aşağı gəlirli əhali daxildir.
2026-cı il iyunun 20-28-i tarixlərində Avropada müşahidə olunan isti hava dalğası zamanı Fransada 2 min 25, Belçikada təxminən 1 min 200, Niderlandda isə təxminən 480 əlavə ölüm qeydə alınıb. Lancet Countdown təşkilatının 2025-ci il üzrə qlobal hesabatında bildirilir ki, 1990-cı illərlə müqayisədə istiliklə əlaqəli ölüm göstəricisi 23 faiz artaraq ildə 546 minə çatıb.
Fosil yanacaqların hasilatı və istifadəsi nəticəsində yaranan xırda hissəciklər və digər hava çirkləndiriciləri ürək-damar və tənəffüs sistemi xəstəlikləri də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb olur. ÜST-nin məlumatına görə, hava çirklənməsi hər il təxminən 7 milyon vaxtından əvvəl ölümlə əlaqələndirilir.
Meşə yanğınlarının tüstüsü də sağlamlıq üçün artan risk yaradır. Lancet Countdown hesabatına əsasən, 2024-cü ildə yanğın tüstüsündən yaranan incə hissəciklərlə çirklənmə təxminən 154 min ölümlə əlaqələndirilib. Temperatur və yağıntı rejimindəki dəyişikliklər ağcaqanad və gənə kimi xəstəlik daşıyıcılarının yayılma arealını genişləndirir, quraqlıq və daşqınlar isə təmiz suya çıxışı çətinləşdirərək qida çatışmazlığı riskini artırır.
Hesabatda Türkiyə üzrə göstəricilər də diqqətə çatdırılıb. Bildirilir ki, 2024-cü ildə ölkə əhalisi orta hesabla 33 gün isti hava dalğalarının təsiri altında qalıb. Təmiz Hava Hüququ Platformasının "Qara Hesabat 2025" araşdırmasına görə, təkcə 2024-cü ildə PM2.5 hissəcikləri ilə hava çirklənməsi 62 min 644 ölümə səbəb olub. Bu, 30 yaşdan yuxarı ölüm hallarının təxminən 13 faizinə bərabərdir. Hesabata əsasən, Türkiyədə hissəciklərlə hava çirklənməsinin illik iqtisadi zərəri təxminən 138 milyard dollar təşkil edir və ölkənin heç bir vilayətində illik orta hava keyfiyyəti ÜST-nin müəyyən etdiyi təhlükəsiz səviyyəyə uyğun deyil.
Artan sağlamlıq riskləri fonunda Türkiyədən Təmiz Hava Hüququ Platforması ilə birlikdə 74 beynəlxalq səhiyyə, elm, ətraf mühit və insan hüquqları təşkilatı COP31 konfransı ərəfəsində birgə çağırış edib. Sərhədsiz Həkimlər, Lancet Countdown, Avropa İctimai Sağlamlıq Assosiasiyası, Qlobal İqlim və Sağlamlıq Alyansı, 350.org və Türk Tabibləri Birliyinin də qoşulduğu çağırışda insan sağlamlığının iqlim siyasətinin mərkəzinə yerləşdirilməsi tələb olunub.
11:38 23.07.2026
Oxunuş sayı: 26