Hitlerin evi polis bölməsinə çevrildi
Nasist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu bina rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Avstriya hökuməti bu addımla binanın neonasistlər üçün ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir.
Bina Almaniya sərhədi yaxınlığındakı Braunau-am-İnn şəhərində yerləşir. Əvvəllər şəxsi mülkiyyətdə olan tikilidə əlillər üçün xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. Avstriya hökuməti binanı 2017-ci ildə satın alıb, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini elan etmişdi.
Binanın qarşısında əvvəllər də faşizm əleyhinə yazılmış, Mauthauzen konslagerindən gətirilən xatirə daşı yerləşirdi. Həmin daş yerində saxlanılıb, binanın fasadına isə artıq “Polis” lövhəsi vurulub.
Avstriya Daxili İşlər Nazirliyinin tarix departamentinin rəhbəri Ştefan Mlyçox bildirib ki, məqsəd binanın Adolf Hitlerlə bağlı simvolik məna daşımasının qarşısını almaqdır.
Şəhər rəsmilərinin sözlərinə görə, binanın qarşısında şəkil çəkdirən turistlər hələ də var, lakin əvvəllərlə müqayisədə bu məkanla bağlı müxtəlif insidentlərin sayı xeyli azalıb.
16:42 22.07.2026
Oxunuş sayı: 61