Ukraynada ölüm sayı doğumları dörd dəfə üstələyib
Ukraynada ölüm göstəriciləri doğum səviyyəsindən kəskin şəkildə yüksək olaraq qalır. Ölkədə ilin ilk yarısında ölüm sayı doğumların sayını dörd dəfə ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın "Opendatabot" servisinə istinadən "RIA Novosti" məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin ilk altı ayında Ukraynada təxminən 73 min uşaq dünyaya gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır.
Bildirilib ki, hazırda ölkədə orta hesabla ayda təxminən 12 min uşaq doğulur. Halbuki 10 il əvvəl bu rəqəm ayda 32 minə yaxın olub.
Eyni zamanda, 2026-cı ilin yanvar-iyun aylarında Ukraynada 259 mindən çox ölüm qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb.
"Opendatabot" qeyd edib ki, ötən il ölüm və doğum nisbəti 1-ə 3 olduğu halda, hazırda bu fərq daha da böyüyərək 1-ə 4-ə çatıb.
Ən ağır vəziyyət cəbhəyanı bölgələrdə müşahidə olunur. Həmin ərazilərdə hər bir yeni doğulan uşağa 19 ölüm faktı düşür.
Bundan əlavə, Kiyevdə də ölüm hallarının sayında artım qeydə alınıb. Paytaxtda ölüm göstəricisi 11 faiz yüksəlib. Bununla belə, Kiyev ölkədə yeni doğulan uşaqların sayına görə lider olaraq qalır.
13:33 22.07.2026
Oxunuş sayı: 53