Saralan və solan bitkilər üçün "ilk yardım" – Gülçüdən effektiv üsullar
Otaq bitkisinin yarpaqları saralmağa və tökülməyə başlayıbsa, onu dərhal atmağa ehtiyac yoxdur. Əsas məsələ problemin səbəbini müəyyən etməkdir – bitki susuzluqdan zəifləyib, yoxsa həddindən artıq suvarılıb.
Crossmedia.az xəbər verir ki, gülçü Natalya Kuroçkina bildirib ki, uzun müddət susuz qalmış bitkini birdən-birə bol su ilə sulamaq olmaz. Onun sözlərinə görə, zəifləmiş kök sistemi kəskin nəmlənməyə tab gətirməyə bilər.
Mütəxəssis tövsiyə edir ki, torpaq tam quruyubsa, dibçəyi 20–30 dəqiqə ilıq su olan qaba yerləşdirərək torpağın tədricən nəmlənməsinə şərait yaratmaq lazımdır. Bundan sonra yarpaqlar püskürdücü vasitəsilə nəmləndirilməlidir. Kiçik bitkilərin rütubəti artırmaq üçün müvəqqəti olaraq şəffaf paketlə örtülməsi mümkündür, lakin hava keçirməyəcək şəkildə tam bağlanması məsləhət görülmür.
Tamamilə qurumuş və saralmış yarpaqlar kəsilməlidir. Solmuş, lakin hələ də canlı olan yarpaqları isə saxlamaq tövsiyə edilir, çünki düzgün qulluq nəticəsində onlar yenidən öz elastikliyini bərpa edə bilər. Bərpa dövründə bitkini bir neçə gün birbaşa günəş şüalarından uzaqda saxlamaq lazımdır.
Digər geniş yayılmış problem isə həddindən artıq suvarmadır. Torpaq uzun müddət yaş qalırsa, bitki dibçəkdən çıxarılmalı və kökləri yoxlanmalıdır. Açıq rəngli və möhkəm köklər sağlam hesab edilir. Qaralmış, yumşalmış və xoşagəlməz qoxu verən köklər isə çürüməyə işarədir və kəsilib çıxarılmalıdır.
Kök sisteminin böyük hissəsi zədələnibsə, bitki təzə, yüngül nəm torpağa köçürülməli, suvarma isə bir neçə gün təxirə salınmalıdır. Kəsilmiş kök hissələrinin üzərinə xırdalanmış aktivləşdirilmiş kömür və ya darçın tozu səpmək də faydalı hesab olunur.
01:07 20.07.2026
Oxunuş sayı: 70