Venesuelada güc balansı dəyişir: ABŞ-nin təsiri artır
ABŞ-nin Venesuelada hakimiyyət dəyişikliyindən altı ay sonra ölkənin maliyyə sistemi, neft sənayesi və dövlət institutları üzərində görünməmiş təsir əldə etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio Venesuela hakimiyyətinin əsas istiqamətlərində faktiki koordinasiyaedici rol oynayır. Məlumata görə, Rubio ölkənin müvəqqəti rəhbəri kimi fəaliyyət göstərən Delsi Rodrigeslə daim əlaqə saxlayır.
NYT qeyd edir ki, ABŞ rəsmisinin suveren dövlətin idarəçiliyinə bu səviyyədə təsiri müasir tarixdə nadir hallardan biri hesab olunur.
Məlumata görə, Vaşinqton Venesuelanın maliyyə və enerji sektorunda da mühüm rol oynayır. İddia olunur ki, ölkənin əsas ixrac gəlirlərinin böyük hissəsi ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan mexanizmlər vasitəsilə idarə olunur və vəsaitlərin hansı məqsədlərə xərclənəcəyinə dair qərarlar Vaşinqtonun razılığı ilə qəbul edilir.
Nəşrin mənbələri bildirir ki, bu sistem korrupsiya sxemlərinin qarşısını almağa və dövlət gəlirlərini qorumağa imkan verib. Eyni zamanda, Venesuela rəhbərliyinin maliyyə dəstəyi məsələsində ABŞ qərarlarından asılı vəziyyətə düşdüyü iddia edilir.
"The New York Times" həmçinin yazır ki, ABŞ-nin təsiri ölkənin xarici siyasətinə də yayılıb. Nümunə kimi Venesuela rəsmilərinin bəzi açıqlamalarının Vaşinqtonun mövqeyi ilə uzlaşdırıldığı iddia olunur.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuelada "təhlükəsiz və uyğun hakimiyyət keçidi" baş verənədək rolunu davam etdirəcəyini bildirib. Tramp bu prosesin illərlə davam edə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, məlumatlar "The New York Times" nəşrinin mənbələrinə əsaslanan iddialardır. Venesuela hakimiyyəti ilə bağlı bütün iddialar rəsmi şəkildə təsdiqlənməyib.
12:15 12.07.2026
Oxunuş sayı: 57