KİV: Ermənistanda biznesə siyasi təzyiqlərin artıb
Ermənistanda müxalif siyasi fəaliyyət göstərən şəxslərə və onlarla əlaqəli biznes qurumlarına qarşı təzyiqlərin artdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, "Past" qəzeti bu barədə məqalə yayıb.
Nəşr yazır ki, son səkkiz ildə müxalifətlə məşğul olan şəxslər hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşür. Məqalədə bunun iqtisadi təzyiqlərlə müşayiət olunduğu, xüsusilə iri şirkətlərə qarşı yoxlamaların və əmlaka müdaxilə hallarının artdığı iddia edilir.
"Past"ın yazdığına görə, dövlətləşdirilən "Ermənistan Elektrik Şəbəkələri" (ESA) və "Araratsement" ətrafında baş verən proseslər, həmçinin "Multi Group" konserninə daxil olan onlarla şirkətdə aparılan yoxlamalar bu siyasətin nümunələri kimi göstərilir. Nəşr xatırladır ki, bir müddət əvvəl oxşar yoxlamalar "Taşir" şirkətlər qrupunda da aparılmışdı.
Məqalədə bildirilir ki, sözügedən şirkətlərdə əvvəlki planlı vergi yoxlamaları zamanı qanun pozuntuları aşkarlanmasa da, sonradan yenidən yoxlamaların keçirilməsi prosesin siyasi motivli olması ilə izah edilir.
Qəzet hesab edir ki, bu cür addımlar ölkədə investisiya mühitinə mənfi təsir göstərir, sahibkarların hüquqi təminatlara inamını azaldır və uzunmüddətli investisiyaların qarşısını alır. Məqalədə vurğulanır ki, mülkiyyət hüququnun siyasi amillərdən asılı vəziyyətə düşməsi kapital axınına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma mənfi təsir göstərə bilər.
Nəşr həmçinin qeyd edir ki, mülkiyyət hüququnun etibarlı qorunması hüquqi dövlətin və bazar iqtisadiyyatının əsas prinsiplərindən biridir. Məqalə müəllifinin fikrincə, bu hüququn zəifləməsi həm yerli sahibkarlar, həm də xarici investorlar üçün ölkənin cəlbediciliyini azaldır.
13:12 11.07.2026
Oxunuş sayı: 54