BƏƏ rəsmisi: Tehran müharibə səhifəsini bağlaya bilmir
BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş İranın son hərəkətlərini tənqid edib.
Crossmedia.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada İranın Qətər və Səudiyyə Ərəbistanına məxsus kommersiya tankerlərinə Hörmüz boğazında hücumlarını, eləcə də Bəhreyn və Küveytə qarşı təkrar hücumlarını pisləyib.
Qarqaş bildirib ki, bu hadisələr Tehranın deeskalasiya tələblərini yerinə yetirmək və müharibə səhifəsini bağlamaq iqtidarında olmadığını göstərir.
"Bunlar İranın hələ də deeskalasiya tələblərini yerinə yetirə bilmədiyinin və müharibə səhifəsini bağlamağa hazır olmadığının aydın göstəricisidir", – deyə o vurğulayıb.
BƏƏ rəsmisinin sözlərinə görə, Fars körfəzi ölkələri İranın eskalasiya siyasətinin hədəfinə çevrilə bilməz.
Qeyd edək ki, İran tərəfi Ənvər Qarqaşın səsləndirdiyi ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
11:44 08.07.2026
Oxunuş sayı: 41