"Avroviziya-2026"nın finalçısı "Tatu" mahnısını oxudu, sosial şəbəkələrdə tənqid olundu
Yunanıstanlı müğənni Akylas, "Avroviziya-2026" müsabiqəsinin finalçısı olduqdan sonra Rusiyanın müharibəni dəstəkləyən "Tatu" qrupunun məşhur "All The Things She Said" ("Ya soşla s uma") mahnısını ifa etməsi səbəbindən sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, ifaçının paylaşdığı çıxış videosu "Instagram"da yayıldıqdan sonra istifadəçilər onun Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyən qrupun repertuarına müraciət etməsini kəskin tənqid ediblər.
Məsələyə "Avroviziya-2026" müsabiqəsində Ukraynanı təmsil edən müğənni LELEKA da münasibət bildirib. O, paylaşımında qeyd edib ki, mahnının yayımlandığı gün Kiyevdə Rusiyanın son aylardakı ən iri hücumlarından biri nəticəsində azı 30 nəfər həlak olub, 99 nəfər yaralanıb, 10 nəfər isə itkin düşmüş hesab edilir.
LELEKA bildirib ki, həmin mahnı terroru dəstəkləyən dövlətin mövqeyini açıq şəkildə müdafiə edən bir qrup tərəfindən yazılıb. Onun sözlərinə görə, Akylasın bu ifası məlumatsızlıqdan irəli gəlibsə, bunu anlamaq mümkündür, lakin biganəlik qəbuledilməzdir.
Qeyd edək ki, Akylas məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
09:00 04.07.2026
Oxunuş sayı: 68